Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində mətbuat konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Nazirlik tərəfindən “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülən işlər, qarşıda duran məsələlər barədə ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.
Həsən Seyidov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Bu sərəncamın icrası çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2024-cü il tarixli qərarı ilə Qoruğun sərhədləri və mühafizə zonası, habelə ərazinin xüsusi rejimi təsdiq olunub. Qoruğun ərazisi 240.06 hektar, mühafizə zonası 11.81 hektar olmaqla ümumilikdə 251.87 hektar ərazini əhatə edir. Qoruq ərazisində 1-i dünya, 1-i ölkə, 218-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur.
O, həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edilib.
“Qoruğun inzibati binası kimi nəzərdə tutulan “Ərbabın iş yeri” tarixi bina, Sərşəhər meydanındakı Sərşəhər Məscidi və Mədrəsə binası ilə bağlı layihələndirmə və satınalma işləri görülür. Bu abidələrin bərpası bizim əsas prioritetlərimizdəndir”, – deyə nazir müavini əlavə edib.