09 iyul 2025 15:43
124

Avropada anomal isti havaya görə ölümlər ÜÇ DƏFƏ ARTIB

Ekstremal hava hadisələrinə səbəb olan iqlim dəyişikliyi olmasaydı, Avropada son vaxtlar baş verən anomal istilərdən ölənlərin sayı təxminən üç dəfə az olardı.

“İki sahil” xəbər verir ki,  bu qənaətə Avropalı alimlər "World Weather Attribution" elmi layihəsi çərçivəsində gəliblər.

Alimlər iyunun 23-dən iyulun 2-dək Avropada temperaturun 40°C-dən yuxarı olan anomal istilərin qeydə alındığı dövrdə Avropanın 12 böyük şəhərində ölənlərin sayı ilə bağlı məlumatları öyrəniblər.

Alimlərin fikrincə, 2,3 min ölüm istilər və onun sağlamlıq nəticələri ilə bağlı olub.

Eyni zamanda, alimlər qeyd edirlər ki, əgər planeti qızdıran və istiləri ifrat dərəcədə artıran qlobal istiləşmə olmasaydı, bu 2,3 ​​min nəfərdən 1,5 min nəfəri sağ qalardı.

Qlobal istiləşmənin təsirindən ən yüksək ölüm nisbəti ölümlərin 88%-ni təşkil edən 65 yaşdan yuxarı insanlar arasındadır. Tədqiqatın müəlliflərindən biri - London İmperial Kollecinin eksperti Ben Klarkın sözlərinə görə, isti dalğaları meşə yanğınları və ya fırtınalar kimi öz ardınca dağıntılar buraxmır. Onların təsirləri əsasən görünməz, lakin dağıdıcıdır. 2°C və ya 3°C-lik dəyişiklik minlərlə insan üçün həyat və ölüm arasında fərq yarada bilər.