"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakıda və respublikanın bir sıra regionlarında sakinlərlə görüşlər keçirilib.
Bu barədə "İki sahil"ə VK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində deputat Eldar Quliyevin, Xətai rayonu 265 nömrəli tam orta məktəbdə deputat Qüdrət Həsənquliyevin, Sabirabad rayon Heydər Əliyev Mərkəzində deputat Əhliman Əmiraslanovun, habelə Zəngilan Rayon İcra Hakimiyyətinin binasında (Masazır, keçmiş məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivi) deputat İmamverdi İsmayılovun təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.
Bakı şəhəri 7 və 13 saylı Vəkil büroları, “Zəfər” Vəkil Bürosu və Xırdalan şəhər Vəkil Bürosunun vəkillərinin iştirak etdikləri aksiyalarda 65 vətəndaşa peşəkar vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin edilməsi, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.