“Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində bu gün PKK terror təşkilatının silahı təhvil verməyə başlaması nəzərdə tutulur.
“İki sahil” "CNN Türk”ə istinadla xəbər verir ki, səhər saatlarından xeyli jurnalist İraqın şimalında terrorçuların cəmləşdiyi əraziyə yollanıb. Onlar “Kürdüstan Muxtar Vilayəti”nin “paytaxt”ı olan Ərbil şəhəri ilə Süleymaniyə şəhərinin arasındakı yolda gözləyirlər və silahların təhvil veriləcəyi yerə xüsusi avtobusla aparılacaqlar.
Bildirilib ki, ilk gün 30 PKK üzvünün silahını təhvil verməsi gözlənilir. Bu silahlar simvolik olaraq böyük metal qazanda yandırılacaq.
Qeyd edək ki, artıq Türkiyə və İraqın bir sıra vəzifəli şəxsləri həmin yerə yollanıblar. Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.