11 iyul 2025 18:30
114

Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

İyulun 11-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov tərəfindən “Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-nin İnsan Hüquqları üzrə Müqavilə Qurumları və Universal Dövri İcmal prosedurlarında rolu” və “İnsan hüquqları sazişlərinin Müqavilə Qurumlarının (Komitələr) funksiyaları” mövzularında 2 təlim keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BAMF tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində baş tutan təlimdə ümumilikdə 24 nəfər QHT nümayəndəsi iştirak edib. Sessiyada BMT-nin müqavilə qurumlarından, onların 6 əsas funksiyasından, şikayət və hesabtlılıq prosedurlarından və QHT-lərin rolundan danışılıb. Daha sonra iştirakçılar arasında indiyədək danışılan mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq və aktivliyi ilə seçilən təşkilatların ECOSOC-da üzvlük qazanmalarına dəstək göstəriləcək.