Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu gün Türkiyə Fetullah Gülenin başçılıq etdiyi “Paralel dövlət” (FETÖ) terror təşkilatı üzvlərinin hakimiyyəti ələ keçirmə cəhdinin qarşısının alınmasının 9-cu ildönümünü qeyd edir. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Bu hadisədə 251 şəhid verən Türkiyə Respublikasının dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyiblər. Dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb.
Vurğulanıb ki, 15 İyul gecəsi qardaş Azərbaycan öz dəstəyini yüksək şəkildə nümayiş etdirib, bu xəyanəti qınayıb və Türkiyənin yanında olub. Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə birgə əməkdaşlıq, birlik və qardaşlıq nümayiş etdirir.
Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov iki qardaş ölkənin müxtəlif illərdə eyni tale yaşadığını, lakin xalqlarımızın mətanəti sayəsində dövlət çevrilişi cəhdlərinin qarşısının qətiyyətlə alındığını deyib.
Qeyd edilib ki, demokratik, suveren, müstəqil ölkələrimiz bütün sahələr üzrə inkişaf edir. Möhkəm təməllər üzərində qurulan Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə yüksələrək hər il daha da möhkəmlənir.