16 iyul 2025 01:50
188

Əsr yarımlıq şərəf tariximiz

Yarandığı gündən illərlə senzuranın təzyiqi altında fəaliyyət göstərən mətbu orqanlarımız ümümmilli məqsədlərindən heç vaxt dönməmiş, xalqın maarif və tərəqqisi yolunda irəliləmiş, zəngin və şərəfli tarixi inkişaf yolu keçmişdir.

İlk cizgilər olan  “Tiflis əxbarı” (1832) və “Qafqaz xəbərləri" (1845) mətbuatımızın Gürcüstan səhifələrini təşkil edir və nəşr illəri çox az olmuşdur. 1845-ci ildən 1875-ci ilə qədər ölkədə ana dilində heç bir mətbu orqan çıxmamışdır. Bəs bu 30 il ərzində informasiya haradan alınırdı? Bu dövrdə məlumatlar əlyazmalar, səyahətnamələr, carçılar və digər informatorlar vasitəsilə əldə olunurdu.

XIX əsrin sonlarında Azərbaycan xalqının ictimai-mədəni həyatında mühüm dəyişiklik oldu, elm, təhsil, tərəqqi, millət işində ziyalılarımız mübarizə meydanına çıxdılar. Dövrün ziyalılarından olan Həsən bəy Zərdabi Azərbaycan xalqının tarixinə, qədim və zəngin maddi-mənəvi irsinə kamil bələd idi. O, mahir tərcüməçi, naşir, redaktor, maarifçi, pedaqoq, çoxşaxəli biliyə malik, geniş erudisiyalı şəxsiyyət,  Azərbaycanın ilk təbiətşünas alimidir. Xarici ölkələrin jurnalistika tarixinə baxsaq, görərik ki, digər xalqların ilk mətbu orqanlarının əsası kommersiya, hakimiyyətin mövqeyi və başqa məqsədlə yaransa da, Azərbaycanda ilk mətbu orqanımız olan “Əkinçi”nin əsasının qoyulma məqsədi birbaşa xalqı maarifləndirmək idi. “Əkinçi”nin əsası qoyulmaqla artıq xalq öz dilində oxuyur, başa düşür, ictimai tribuna kimi çıxış edən qəzetdə cəmiyyət öz problemlərini görürdü. “Əkinçi” yalnız informasiya rolunu oynamırdı, o, həm də xalqın milli şüur, milli kimlik, milli nüfuz, identiklik məsələlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edirdi. Ölkənin tərəqqi yolunda elə bir mühüm problem yoxdur ki, . “Əkinçi”nin səhifəsində əks olunmasın. Qəzet daim elmin, təhsilin vacibliyini vurğulayırdı: “Nə qədər elm və kamal sahibi olduqca insan ehtiyaclardan məhfuz qalır, ona binaən təhsili-elm lazımdır, yoxsa nə ki dosta, bəlkə düşmənə həm möhtac olur” ( 1876, №14).

“Əkinçi” xalqı qəzet, jurnal oxumağın ölkədə və dünyada baş verən məlumatları əldə etməklə yanaşı öz ana dilinə yaxşı hakim olmağın yollarını da göstərdiyini qeyd edirdi: “Qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz ana dilini öyrədir, məzhəbində qaim edir, ona binaən hamı millətlər səy edib qəzet və jurnallar çap etdirirlər ki, qeyri millətlər arasında payimal olmasınlar..” (1876, №15).  Lakin, oxucu sayının getdikcə azalması qəzetin bağlanmasına gətirib çıxardırdı, onun 1876-ci il nömrəsində yalnız 290-a yaxın müştərisinin olduğu qeyd edilmişdir.

“Əkinçi”nin davamçıları “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Molla Nəsrədin”, “Dəbistan”, “Məktəb”  və başqa mətbu orqanlarımız mətbuat tariximizin canlı salnaməsidir.  Bu mətbu orqanlar sağlam milliyyətçiliyin, milli özünüdərkin formalaşmasında mühüm rol oynadı. Dövrün ziyalıları eyni məqsəd, eyni missiyayanı yerinə yetirirdilər, ortaya qoyulan məqsəd daha dolğun, məzmunlu, geniş şəkildə digər ziyalılarımızın eyni məsləkində davam edir, ümummilli məqsədlərin gerçəkləşməsinə çalışılırdı.

 Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətçilik ideya məzmun istiqamətli 100-ə yaxın mətbu orqan nəşr edilmişdi. Bunlardan 60-dan çoxu ana dilində idi. 1919-cu il may ayının 30-u parlamentin qəbul etdiyi “Mətbuat haqqında nizamnamə” mətbuat və nəşriyyat işinin inkişafında mühüm rol oynadı. Ümumilikdə, 1875-1920-ci illər arasında Azərbaycanda ana dilində 201 qəzet, 39 jurnal nəşr olunmuşdur.

 Sovet dövrü ideologiya ilə bağlı olsa da bu dövrdə  ard-arda mətbu orqanların əsası qoyulur, elektron media işə başlayır. Sovet dövründə 1920-1991-ci illərdə 580 adda qəzet, jurnal və digər dövri nəşrlər çıxırdı. Bu illərdə xaricdə 30-a yaxın müxtəlif adda mühacirət qəzet və jurnalları nəşr olunub.

Ard-arda nəşr olunan mətbu orqanlarımız mətbuat ənənələrini formalaşdırdı. Hansı ki, kökündə vətənpərvərlik, türkçülük, istiqlaliyyət, birlik dururdu. “Əkinçi” və onun davamçılarının bu prinsipi müasir mətbu orqanlarımızın da iş prinsipini müəyyənləşdirir.

Müstəqillik qazandıqdan sonra dövlətin mediaya diqqət və qayğısı artdı, media demokratik institutlardan birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin media siyasəti dünya ölkələrinin mediasına nümunədir. Ulu Öndərin hakimiyyəti dövründə  medianın inkişafına qayğı çoxşaxəlilik təşkil edir, əsas məqamlar isə media qanunvericilik bazası yaradıldı, onun maddi-texniki bazası təkmilləşdirildi.

Bu gün də eyni media siyasəti Prezident İlham Əliyev tərəfindən davamlı inkişafın əsas istiqaməti kimi uğurla yerinə yetirilir. Mediamız, yaxın illərdə pandemiya, müharibə kimi tarixin müxtəlif sınaqlarından keçmişdir. Dünyanın üzləşdiyi qlobal bəla olan koronovirus pandemiyası dövründə jurnalistlərimiz pandemiya şəraitində çalışırdılar.

44 günlük Vətən müharibəsi və sonunda tarixi Zəfərimizin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında da jurnalistlərimiz həm vətəndaşlıq, həm də peşəkarlıq nümayiş etdirdilər. Bu müddətdə onlar, eyni zamanda, feyk nyuslarla, dezinformasiyalarla mübarizədə mütəşəkkil oldular. Bu informasiya müharibəsində medianın rolunu bir daha dərk etdik, düzgün informasiyanın cəmiyyətin təhlükəsizliyi və davamlı inkişafı üçün zəruri platforma olduğunu anladıq.

Hazırda media mühitində qloballaşma gedir. İnformasiya kommunikasiya texnologiyalarının inkişafı digər sahələrdə olduğu kimi, jurnalistikanın da iş prinsipini dəyişir. Burada jurnalistikanın kommunukativ rolu artır, artıq informasiyanı istehsal və istehlak edən elə özümüzük. Texnologiyanın sürətli inkişafı bizi xəbərə daha yaxın olmağı təmin edir.  Bu da media savadlılığının labüdlüyünü ortaya qoyur.

Bu gün  əsr yarımlıq mediamız hesabat verir, media, cəmiyyət və hakimiyyət triadasında mövqeyini bildirir. Bu gün də mediamız öz tarixi missiyasını vicdanla, obyektiv, qərəzsiz şəkildə yerinə yetirir. 150 illik bu yol şərəf tariximizdir.

Zərdabi davamçıları, sözünüz kəsərli, qələminiz iti, könlünüz xoş, ürəyiniz yazıb-pozmaqla dolu olsun! 150 illiyimiz mübarək olsun!

Fərqanə Məlikova,
Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müəllimi