11 iyul 2025-ci il tarixində “Moody’s” Beynəlxalq Reytinq Agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini Baa3 (sabit) dərəcəsinə yüksəldib.
SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir.
Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. “Moody’s”in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında SOCAR-ın Baa3 investisiya reytinqinə yüksəlməsini vacib amil kimi qiymətləndirərək bildirib ki, bu səviyyə daha etibarlı şirkətlər, ölkələr arasında olmaq deməkdir: “2025-ci ildə iqtisadi islahatların dərinləşməsi, eyni zamanda, Dövlət Neft Şirkənin həm investisiya portfelinin genişləndirilməsi, diversifikasiya olunması, həm də korporativ edarəetmənin genişləndirilməsi ilə bağlı aparılan fəaliyyət Azərbaycanın, o cümlədən SOCAR-ın reytinqinin atrmasına səbəb olub. Azərbaycanın ən böyük dövlət şirkəti olaraq SOCAR-ın reytinqinin artması sərmayə qoyuluşlarının, həmçinin səhm bazarı daxil olmaqla fərqli regional və qlobal bazarlarda iştirakına təsir göstərir. Birmənalı olaraq müsbət nəticədir. Bu birbaşa olaraq şirkətin beynəlxalq arenada daha da genişlənməsinə, investisiya qoyuluşları imkanlarının artmasına, eyni zamanda, ölkə iqtisadiyyatına, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə inamın daha da yüksəlməsinə səbəb olacaq. SOCAR-ın investisiya portfeli son illər həm də coğrafi baxımdan da genişlənir. Bu da nəticə etibarilə SOCAR sərmayələrinin dayanıqlığı baxımından da mənfəət normasının genişləndirilməsi aspektindən çox vacibdir.”
Mövzu ilə bağlı “İki sahil”lə fikirlərini bölüşən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bu reyrinqin əldə edilməsi SOCAR-ın bundan sonrakı dövrdə həyata keçirəcəyi layihələr üçün daha əlverişli şərtlərlə beynəlxalq maliyyə qurumlarından və banklardan maliyyə cəlb etməsinə imkan verəcək: “SOCAR-ın kredit reytinqinin yüksəlməsi onun mənfəətlə çalışması, əvvəllər götürdüyü borcları vaxtlı-vaxtında qaytarmaq imkanında olduğunu göstərməklə yanaşı, həm də yeni investisiyalar etmək iqtidarında olmasını da əks etdirir.
İlham Şaban vurğulayıb ki, ictimaiyyət üçün açıqlanan məlumatdan aydın olur ki, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib: “Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır.”
İqtisadiyyat üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli məsələni “İki sahil”ə şərh edərək bildirib ki, SOCAR-ın investisiya reytinqinin artırılması, şirkətə daha yüksək reytinqin verilməsinin əsas səbəbi bu günlərdə “Moody’s”in Azərbaycanın kredit reytinqini Ba1 səviyyəsindən Baa3 səviyyəsinə yüksəltməsi olub: “Ölkədə heç bir şirkət öz dövlətinin reytinqindən yüksək reytinq ala bilmir. Çünki ən etibarlı borcalan dövlət hesab olunur. “Moody’s”in ölkənin reytinqini spekulativ səviyyədən investisiya reytinqinə qaldırdığına görə şirkət reytinq verdiyi dövlət təşkilatlarının reytinqinə yenidən baxır. SOCAR-ın reytinqinin yüksəlməsi Dövlət Neft Şirkəti üçün olduqca müsbət haldır. “Moody’s” dövlətin reytinqini artırdığına görə SOCAR-ın həm dövlət şirkəti olduğunu, həm də bu qurumun maliyyə hesabatlarının kifayət qədər güclü olduğunu nəzərə alaraq reytinqinin qaldırılmasını düzgün hesab edir. SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqinin Baa3 dərəcəsinə yüksəlməsi şirkətin gələcəkdə beynəlxalq layihələrdə iştirak etməsində daha yüksək nüfuza sahib olmasına imkan yaradacaq. Beynəlxalq bazarlardan aşağı faizli və rahatlıqla borc cəlb edə biləcək. SOCAR istiqrazlarına beynəlxalq arenada tələbat yüksələcək, dəyəri də artacaq.”
Qeyd edək, ötən il “Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən dərəcədə olan BBB- (sabit) reytinqi verib. Bundan əlavə, SOCAR ötən il özünün COP28 zamanı elan olunan dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək MSCI tərəfindən BBB ESG (Environment, Social and Governance – Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi alıb.
“Moody’s” 2010-cu ildən SOCAR ilə kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı Baa3 reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir.
Onu da qeyd edək ki, “Moody’s” 1909-cu ildə Con Moodi tərəfindən təsis olunub və ABŞ-ın Nyu-York şəhərində yerləşir. Şirkət korporativ maliyyə, dövlət borcu və strukturlaşdırılmış maliyyə daxil olmaqla müxtəlif sahələr üzrə kredit reytinqləri, tədqiqatlar və risk analizləri təqdim etməkdə ixtisaslaşmışdır. “Moody’s” tərəfindən verilən önəmli reytinqlər investisiya qərarlarına və borclanma xərclərinə təsir edərək bazar iştirakçıları üçün əhəmiyyətli təsirlərə malikdir.
Orxan Vahidoğlu, “İki sahil”