16 iyul 2025 16:39
220

Nizami rayon ictimaiyyəti “Zəfərin izi ilə” devizi ilə Qarabağa səfər edib FOTO

Nizami rayon ictimaiyyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycana rəhbərliyə gəlməsi münasibətilə “Zəfərin izi ilə” devizi ilə Qarabağa səfər edib.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları, könüllüləri, Türk Aqsaqqalları İctimai Birliyinin İdarə Heyətinin və Gənclər Birliyinin üzvləri, eləcə də Nizami rayon ictimaiyyət nümayəndələri əvvəlcə Xankəndi şəhərində Zəfər meydanını ziyarət ediblər. Onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və inkişaf perspektivləri diqqətə çatdırılıb.

Sonra Qarabağ Universiteti ilə tanışlıq olub. Tanışlıq zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Rektor işğaldan azad edilmiş torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb, universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə ətraflı danışıb.

Nizami rayon ictimaiyyəti Xankəndidən Şuşa şəhərinə gəliblər. Burada Cıdır düzü, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı və İsa bulağını ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb, şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işləri ilə tanışlıq olub.

Şuşa şəhərindən sonra Nizami rayon ictimaiyyəti Laçına səfər edib. Onlara məlumat verilib ki, işğaldan azad olunmuş Laçına 1000-dək ailə qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanın öz evlərinə qaytarılması da planlaşdırılır.

Nizami rayon ictimaiyyətinin Laçın şəhər ilə tanışlığından sonra Qarabağa səfəri başa çatıb.