Azərbaycanın qətiyyəti, iradəsi Makronun müstəmləkəçilik siyasətini iflasa uğradır
Yeni texnologiyalar əsri adlandırılan, dünyanın hər yerində inkişafın və tərəqqinin sürətləndiyi iyirmi birinci yüzillikdə ciddi narahatlıq doğuran müstəmləkəçilik hallarının davam etməsi beynəlxalq hüquq normalarına, bəşəri dəyərlərə zidd olduğu kimi insan hüquq və azadlıqlarının pozulmasının da iyrənc formasıdır.
Özünü demokratik dəyərlərə sadiq ölkə hesab edən , bəzi məqamlarda insan hüquqlarının müdafiəçisi kimi görünməyə çalışan, Afrika və Asiya xalqlarını müstəmləkəsi altında saxlayaraq onları adi hüquqlarından məhrum edən Fransanın illərdən bəri davam etdirdiyi neokolonializm siyasəti milyonlarla insanı mərhumiyyətlərə duçar edib. Fransanın jandarma siyasətinin qurbanı olan, zorakılıqlara, təhqirlərə, təhdidlərə məruz qalan Afrika, Cənubi Şərqi Asiya və Sakit okeandakı ada ölkələrinin azadfikirli ziyalıları öz hüquqları uğrunda mübarizə aparsalar da silah gücünə yatırılan azadlıq çağırışları nəticəsiz qalmışdır. Fransanın dənizaşırı əraziləri hesab edilən Korsika başda olmaqla digər ölkələrin müstəqillik arzuları Fransa jandarmalarının dəyənəkləri ilə susdurulmuşdur.
Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqları ilk dəfə geniş şəkildə müdafiə edən tolerant Azərbaycan olub. Belə ki, 2023-cü ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən «Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli» mövzusuna həsr olunmuş nazirlərin görüşündə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dövlət başçımızın «Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri də Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir» sözləri ilə beynəlxalq ictimaiyyəti hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlığı uğrunda mübarizələrinə dəstək verməyə çağırması böyük razılıqla qarşılandı, dəstəkləndi. Fransanın əsarəti altında əsrlərdən bəri zorakılığa məruz qalan xalqlara qarşı törədilən vəhşiliklər, cinayətlər dəlil- subutlarla dünya ictimaiyyətinə çatdırıldı.
2023-cü ilin iyulunda Fransa Dəniz Aşırı Bölgələr Birliyinin əraziləri olan Martinik, Fransa Qvineyası, Yeni Kaledoniya və Fransa Polineziyasından olan nümayəndələrin iştirakı ilə ölkəmizdə keçirilən konfransda Bakı Təşəbbüs Qrupu (BTQ) yaradıldı. Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və BTQ-nin dəstəyi, Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultay keçirildi. Əsas məqsəd Fransanın dənizaşırı ərazilərində davam etdirdiyi müstəmləkəçilik siyasətinin acınacaqlı mənzərəsini beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Bu məqsədlə yaradılan vahid platformanın birlik və həmrəyliyi öz nəticəsini verdi. Başda Fransanın Prezidenti Emmanuel Makron olmaqla Yelisey Sarayının başbilənləri xalqlara azadlıq verilməsi təşəbbüsləri ilə çıxış edən Azərbaycanı günahlandırdılar. Amma unutdular ki, Ermənistanı 30 ildə silahlandıran Fransa minlərlə azərbaycanlının qətlə yetirlməsində bilavasitə iştirak etmişdir. İkinci Qarabağ müharibəsindən sonra da Ermənistanı silahlandıran Fransa hazırda revanşistləri yeni müharibəyə həvəsləndirir, Cənubi Qafqazda neokolonialist siyasətini davam etdirmək istəyir.
Fransanın Dənizaşırı Bölgələr Birliyinin inzibati ərazilərindən olan Yeni Kaledoniyada 2024-cü ilin 13 may tarixindən etibarən başlamış etirazlar Makron hakimiyyətini silkələdi. Ötən ilin may ayında Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətllər törədildi, xeyli sayda etirazçı saxlanıldı. Fransa hakimiyyəti dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeritdi. Sosial şəbəkələrin fəaliyyəti dayandırıldı. Rəsmi Parisin təzyiq və hədələrinə baxmayaraq, yeni kaledoniyalılar müstəqillik uğrunda sona kimi mübarizə apardılar. Son nəticədə Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması ilə bağlı razılıq əldə olundu. Bu status kaledoniyalılara ikili vətəndaşlıq — Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Sənədə görə, digər ölkələr də Yeni Kaledoniya Dövlətini tanıya biləcək. Razılaşma yalnız institusional məsələlərlə məhdudlaşmır. O, eyni zamanda, iqtisadi və maliyyə islahatları paktını da əhatə edir. Bu pakt Yeni Kaledoniya iqtisadiyyatının əsas sütunlarından biri olan nikel sənayesi üçün strateji planı da özündə ehtiva edir. 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcək referendumda razılaşmanın təsdiq olunması nəzərdə tutulur.
Yəni, Bakı Təşəbbüs Qrupunun Fransanın neokolonialist siyasətinə qarşı apardığı mübarizə müsbət nəticəsini verir. Azərbaycanın siyasi iradəsi Makronun müstəmləkəçilik siyasətini iflasa uğradır. Yeni Koledoniyadan sonra Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən digər xalqlar da azadlıqlarına qovuşacaqlar.
Fransada ölkədaxili vəziyyət də gərgindir. Ailə- məişət məcaraları ilə gündəmdən düşməyən Yelisey Sarayının sahibi Makron ölkəyə nəzarəti də unudub. Ölkə iqtisadiyyatı böhran səviyyəsindədir. İslamofobiyanın gücləndiyi ölkədə artan büdcə kəsiri ilə mübarizə üçün vergi artımları müəyyən edilir. Böyük şirkətlər və ildə yarım milyon avrodan çox qazanan insanlar üçün müvəqqəti əlavə vergi tətbiq ediləcəyi bildirilir. Vəziyyətdən çıxış yolu kimi 2026-cı ildə büdcə kəsirini azaltmaq üçün varlı vətəndaşlardan alınan vergilərin həcminin artırılması təşəbbüsü irəli sürülüb. Həmçinin Pasxa bayramı kimi digər əlamətdar günlərin ləğvi ilə xəzinəyə milyardlarla avro dəyərində gəlirin daxil olacağı bildirilib. Pensiya artımlarını altı ay təxirə salmaq təklifinin irəli sürülməsi ilə ölkədə sosial çətinliklər yaranacağı şübhəsizdir. Bu ölkədə vergi daxilolmaları da proqnozlardan xeyli aşağı düşüb. Fransa Avropa İttifaqı tərəfdaşları tərəfindən təcili tədbirlər görmək üçün təzyiqlərə məruz qalır. Vergi artımı 60 milyard avroluq büdcə ixtisarının üçdəbirini təşkil etsə də, bunun başqa hissəsi xərclərin azaldılması hesabına olacaq: 20 milyard avro nazirliklərə, qalanı isə sosial təminat, səhiyyə, pensiya və yerli büdcə xərclərinə ayrılacaq.
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı «Respublikaçılar» Partiyasının üzvü Olivye Marleksin intiharı ilə bağlı infomasiyadan aydın görünür ki, Makron hakimiyyətindən narazılıq dövlət rəsmiləri arasında da mövcuddur. 54 yaşlı deputatın ödümü ilə bağlı araşdırmalar aparılır. Xatırladaq ki, Makronun istəyinə uyğun idarə olunan Milli Assambleyanın antidemokratik iş prinsipini təsdiqləyən bu cur faktlar əvvələr də müşahidə olunmuşdur. İki azərbaycanlı tələbənin ermənipərəst fransız əsilli deputat tərəfindən döyülməsi faktına səssiz qalan Milli Assambleyada müzakirə olunan məsələlərlə bağlı fikir ayrılıqlarının sonda üzvlər arasında qalmaqalla , əlbəyaxa döyüşlə bitməsi dəfələrlə baş verən fransızsayaq «demokratik» səhnələrdəndir.
Ölkəsindəki bu cür siyasi, iqtisadi narazılıqları « görməyən» Makronun Ermənistan sevgisi nədənsə tükənmir. Fransanın nüvə yanacağı nəhəngi «Orano»” dövlət şirkətinin urantərkibli radioaktiv tullantılarının bir hissəsinin Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirilməsi Makronun ölkəmizə qarşı növbəti ekoloji müharibə cəhdidir. 2025-ci ilin iyunundan həyata keçirilən bu ekoloji təxribat Azərbaycanda biomüxtəlifliyə ciddi təhlükədir. Parisdə Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə razılaşdırılma əsasında nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını daha da böyüdür.18 Atom Elektrik Stansiyasında 56 nüvə reaktoruna malik Fransanın nüvə tullantılarını müstəmləkə regionlarındakı dənizlərə axıtmasının ardınca indi də Ermənistana daşıması bütün dünyanı, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi narahat etməlidir.
Göründüyü kimi, siyasi, iqtisadi, sosial problemlərlə üz-üzə dayanan Fransada daxili gərginlik davam etməkdədir, vətəndaşların sosial vəziyyəti ilə bağlı məsələlərin həlli arxa plandadır. Yəni, Fransadan daha çox Ermənistana diqqət göstərən Makronun prezident kimi fransızlar arasında nüfuzunun aşağı düşməsi təbiidir.
Xuraman İsmayılqızı, «İki sahil»