2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dollarına çatıb
Türkmənistan-Azərbaycan münasibətləri qədim tarixə söykənir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Məhz buna görə də iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri önəmli siyasi və iqtisadi hədisələrlə yadda qalıb. Prezident İlham Əliyev ali qonağı qarşılayarkən səfərin əhəmiyyətini xüsus vurğulayaraq deyib: «Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.»
Qurbanqulu Berdiməhəmmədov da Azərbaycana səfərə dəvət edildiyinə, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkür edərək bildirib ki, Azərbaycana bu səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir: « Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.»
Bu gün Türkmənistan zəngin neft və qaz ehtiyatlarının həcminə görə dünyada 4-cü yeri tutur. Türkmənistanın əsas gəlirli sahəsi neft və qaz kompleksidir və gəlirlərinin 60 faizi bu sahələrin payına düşür. Xüsusilə xarici investorlar burada kimya zavodları müəssisələri yaratmağa maraq cöstəirirlər. Neft və qaz ehtiyatları ilə zəngin olan qonşu və dost ölkənin Azərbaycanla iqtisdt və ticari əlaqələrinin əsas hissəsini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir.
Azərbaycan-Türkmənistan münasibətləri davamlı inkişaf edir, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquqi baza yaradılır, iqtisadi-ticarət əlaqələri güclənir. Belə ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən səmərəli yol Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkmənistandan keçir. Bu da ölkələrimizi beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir. Türkmənistanın çoğrafi məkan kimi yerləşdiyi Mərkəzi Asiyanın ümumi ərazisi 4 milyon kvadratkilometrdir. Region əhalisinin sayı 77 milyon nəfərdir. Bu ölkələrdə ildə 400 milyard dollardan çox məhsul istehsal olunur ki, bunun bir hissəsçi də Türkmənistanın payına düşür.
Bəs, Azərbaycanla Türkmənistan arasında iqtisadi və ticarət əlaqələri hansı səviyyədədir? Əvvəla qeyd edək ki,Türkmənistan və Azərbaycan qaz ixracı sahəsində geniş əməkdaşlığa malikdirlər. 2021-ci ildə ölkələrimiz arasında Xəzər dənizindəki « Dostluq» neft yatağının birgə işlənilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına imkan verdi. Siyasi şərhçilərin qənaətincə, bu razılaşma hər iki ölkənin bir-birinə təkcə iqtisadi deyil, həm də siyasi etimadının göstəricis idi.
Ümumiyyətlə, Azərbaycanla Türkmənistan arasında 2007-ci ildə yaradılmış Hökumətlərarası Birgə Komissiya bu sahədə əməkdaşlığın strukturlaşdırılmasına imkan yaradıb. Məhz bunun nətticəsidir ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları olub. Bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Rəqəmlərdən də göründüyü kimi, iki ölkə arasında ticarət əlaqələri dinamikliyini qoruyub saxlayır. 2025-ci ilin yanvar -may aylarında isə ticarət dövriyyəsi 118,5 milyon dollara çatıb.
Sözügedən məbləğin 19,2 milyon dolları Azərbaycan məhsullarının ixracı, 99,2 milyon dolları isə Türkmənistan məhsullarının idxalı ilə əlaqədardır. Son bir neçə ildə isə Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9 dəfə artaraq 2362 TEU-ya yüksəlib.
Rəqəmlərdən də göründüyü kimi, iki türkdilli dövlətin iqtisadi- ticarət əlaqələri hər il genişlənir. Təbii ki, ticarət əlaqələrinin genişlənməsi həm də siyasi və mədəni əlaqələrin inkişafına yeni stimullar verir. Məhz bunun ntəcəsidir ki, Azərbaycanla Türkmənistanın arasında beynəlxlq təşkilatlarda da bir- birlərinə siyasi dəstəyi həmişə hiss edilir. Bu isə ölkələrimizin geosiyasi mövqelərinin möhkəmlənməsinə şərait yaradır.
Elçin Zaman, «İki sahil»