18 iyul 2025 01:15
117

Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində mühüm nailiyyət

Ölkəmiz son illərdə ticarət proseslərinin sadələşdirilməsi, rəqəmsallaşdırma və institusional koordinasiya sahəsində ciddi irəliləyişlərə nail olub

Azərbaycan BMT-nin 2025-ci il üzrə qlobal tədqiqatında rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində mühüm irəliləyiş əldə edib. Belə ki, BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı” çərçivəsində Asiya-Sakit Okean regionunda 2023–2025-ci illər arasında aparılmış xarici ticarət islahatlarının nəticələrinə əsasən, Azərbaycan 2025-ci ildə ticarətin asanlaşdırılmasını özündə əhatə edən beş istiqamətin orta göstəricisi üzrə 92,5% səviyyəsində yüksək nəticə nümayiş etdirərək Asiya regionunda ilk onluqda qərarlaşıb. Tədqiqatın nəticələri göstərir ki, ölkəmiz son illərdə ticarət proseslərinin sadələşdirilməsi, rəqəmsallaşdırma və institusional koordinasiya sahəsində ciddi irəliləyişlərə nail olub.

Bütövlükdə, tədqiqat Azərbaycanın sözügedən göstəricilər üzrə 2015-ci ildən 2025-ci ilə qədər yalnız davamlı olaraq icra faizlərini artırdığını nümayiş etdirir.

Şəffaflıq göstəricisində kəskin artım

Azərbaycanın şəffaflıq göstəricisi üzrə əldə etdiyi nəticələr xüsusilə diqqətəlayiqdir. Belə ki, bu istiqamətdə 2015-ci illə müqayisədə 53,3 faiz bənd, 2023-cü illə müqayisədə isə 8,3 faiz bənd artım qeydə alınıb. Bu irəliləyiş gömrük prosedurlarının, ticarət qanunvericiliyinin və normativ sənədlərin daha açıq və əlçatan şəkildə təqdim olunmasını, biznes ictimaiyyətinin məlumatlandırılma səviyyəsinin yüksəldiyini göstərir.

Formal prosedurlar göstəricisi üzrə də mühüm nəticələr əldə olunub. 2015-ci illə müqayisədə 50 faiz bənd irəliləyiş, yəni, prosedurların yarıya qədər sadələşdirilməsi, daha az sənəd, daha qısa vaxt və aşağı xərclə idxal-ixrac əməliyyatlarının aparılmasına şərait yaradıb. Bu isə ölkənin beynəlxalq ticarət dövriyyəsinə müsbət təsir göstərir.

İnstutusional əməkdaşlıq və koordinasiyada inkişaf

Azərbaycan institusional əməkdaşlıq və koordinasiya sahəsində də əhəmiyyətli irəliləyişə nail olub. Bu göstərici üzrə 2015-ci illə müqayisədə 33,3 faiz bənd, 2023-cü illə müqayisədə isə 11,1 faiz bənd yüksəliş qeydə alınıb. Bu nəticə ölkədaxili dövlət qurumları arasında ticarətin asanlaşdırılması sahəsində koordinasiyanın gücləndiyini və birgə fəaliyyətin effektivliyinin artdığını nümayiş etdirir.

Azərbaycanın kağızsız ticarət üzrə göstəricisi 2015-ci illə müqayisədə 37 faiz bənd, 2023-cü illə müqayisədə isə 3,7 faiz bənd artıb. Bu, ticarət sənədlərinin rəqəmsal formatda təqdim olunması və emalının genişləndiyini sübut edir. Daha əhəmiyyətli irəliləyişlər isə sərhədlərarası kağızsız ticarət sahəsində müşahidə olunub. Bu göstərici üzrə Azərbaycan 2015-ci illə müqayisədə 50 faiz bənd, 2023-cü illə müqayisədə isə 5,6 faiz bənd irəliləyib. Bu nəticə regional və beynəlxalq tərəfdaşlarla məlumat mübadiləsinin, gömrük və ticarət proseslərinin elektron platformalar üzərindən həyata keçirilməsinin genişləndiyini göstərir.

Kağızsız və sərhədlərarası kağızsız ticarət sahəsində nailiyyətlər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə bildirib ki, Azərbaycan ticarətin asanlaşdırılmasına daxil olan şəffaflıq, formal prosedurlar, institusional əməkdaşlıq və koordinasiya indikatorları üzrə 100%, kağızsız ticarət üzrə 92.59%, sərhədlərarası kağızsız ticarət üzrə 72,2% effektivlik nümayiş etdirərək olduqca yüksək nəticə əldə edib: “Azərbaycan sözügedən tədqiqatda yüksək nəticə əldə etməklə Asiya-Sakit okean zonasında yerləşən əksər ölkələri qabaqlayaraq icra performansına görə yeddinci mövqedə, habelə tədqiqatın regional təsnifatlaşmasında yer alan Şimal və Mərkəzi Asiya, o cümlədən dənizlərə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında birinci mövqedə qərarlaşıb. Eyni zamanda, Azərbaycan üzv olduğu bir sıra nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də liderdir. Belə ki, sözügedən tədqiqat çərçivəsində ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələr arasında lider mövqeyindədir. Bundan əlavə, Azərbaycan “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” üzərində yerləşən dövlətlər arasında Çin Xalq Respublikasından sonra ikinci mövqedə qərarlaşıb.

Nicat Hacızadə qeyd edib ki, bu nailiyyətin əldə edilməsində əsas amillər xarici ticarət əməliyyatları zamanı prosedurların elektron qaydada olması və izlənilə bilməsi, bütün idxal və ixrac qaydalarının, tariflərin, prosedurların və sənədlərin onlayn olaraq rəsmi sayt və ya portalda dərc edilməsi, yeni ticarət qaydaları və ya gömrük prosedurlarına dəyişiklik edilərkən iş adamları, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə müzakirələr aparılması, yeni və ya dəyişdirilmiş ticarət qaydaları qüvvəyə minməzdən əvvəl sahibkarlara rəsmi bildirişlə məlumat verilməsidir: “Bununla yanaşı, idxaldan əvvəl sahibkarların gömrükdən məhsulun tarif dərəcəsi və mənşə haqqında rəsmi yazılı qərar ala bilməsini özündə ehtiva edən şəffaflıq indikatoru üzrə Azərbaycanın 100% nəticə əldə etməsi son illər xarici ticarətin liberallaşdırılması istiqamətində atılan addımlar, habelə gömrük prosedurlarının elektronlaşması istiqamətində həyata keçirilən islahatların effektiv kommunikasiyası ilə əlaqədardır.”

Ümumilikdə Azərbaycanın BMT-nin 2025-ci il üzrə tədqiqatında göstərdiyi nəticələr ölkədə ticarət sisteminin modernləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, gömrük və logistika sahələrinin inkişafı istiqamətində atılan ardıcıl və sistemli addımların nəticəsidir. Hökumətin bu sahədə apardığı islahatlar ölkənin beynəlxalq ticarət cəlbediciliyini artırmaqla yanaşı, həm də iqtisadi dayanıqlığın güclənməsinə xidmət edir.

Orxan Vahidoğlu, “İki sahil”