Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Saxta xəbərlərin aşkarlanması üçün sözlərin vektor təsviri modellərinin eksperimental müqayisəsi” mövzusuna həsr olunmuş növbəti elmi seminar keçirilib.
“İki sahil” xəbər verir ki, İnstitutdan bildirilib ki, seminarda Azərbaycan Texniki Universitetinin doktorantı Cəlal Mehdiyev “Mətnlərdə saxta xəbərlərin aşkarlanması üçün maşın təlimi üsullarının işlənməsi” mövzusunda dissertasiya işi (elmi rəhbər: AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev) çərçivəsində apardığı tədqiqatlardan bəhs edib. O, iş çərçivəsində müxtəlif söz təsviri modellərinin (word embedding models) müqayisəli analizinin aparıldığını diqqətə çatdırıb.
C.Mehdiyev saxta xəbərlərin aşkarlanmasının aktuallığını, xüsusilə 2016-cı il ABŞ-da prezident seçkiləri, COVID-19 pandemiyası dövrlərində yayılan saxta xəbərlər və digər kontekstlərdə əsaslandırıb. Tədqiqatçı ənənəvi, prediktiv və kontekstual söz təsviri modellərinin nəzəri və praktiki üstünlüklərini izah edib. O qeyd edib ki, eksperiment ISOT, LIAR və COVID-19 verilənlər dəsti üzərində “Python” mühitində aparılıb. Doktorant modellərin səmərəliliyinin bir neçə meyar əsasında qiymətləndirildiyini söyləyib. Eksperimentin nəticələrinə əsasən belə qənaətə gəlinib ki, bütün meyarlar üzrə ən yaxşı nəticə göstərən model yoxdur. Belə ki, yüksək dəqiqlik göstərən model zamana görə digər model(lər)dən pis nəticə göstərir və ya əksinə, zamana görə ən yaxşı nəticə göstərən model dəqiqlik meyarına görə digər model(lər)ə uduzur. Ona görə də modelin seçilməsində meyarlar arasında balansın təmin olunması zəruridir. Doktorant saxta xəbərlərin aşkarlanmasında dayaq vektoru metodundan (support vector machine – SVM) istifadə edildiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev dissertasiya işində informasiya müharibəsi kontekstində saxta informasiya ilə mübarizə məsələlərinə geniş yer ayrılmasının əhəmiyyətini vurğulayıb və bu sahədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin araşdırılmasının zəruriliyinə toxunub. Alim iş çərçivəsində aparılan araşdırmaların nəticələrinin saxta xəbərləri aşkarlama sahəsində effektiv metodların yaradılmasına və təbii dilin emalı sahəsində gələcək tədqiqatlara mühüm töhfə verəcəyinə inamını qeyd edib.