22 iyul 2025 02:37
127

Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi

Dövlət başçısı İlham Əliyev Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda bir daha bu əminliyi ifadə etdi ki, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Şanlı Qələbəmizdən sonra atılan mühüm addımlar, həmçinin qürur doğuran hadisələrdən biri  Qarabağın tacı, Azərbaycanın, türk dünyasının, islam dünyasının mədəniyyət paytaxtı  Şuşanın Qlobal Media Forumuna ev sahibliyi etməsidir. Belə ki, 2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda və 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media forumları keçirildi. Bu ilin 19-21 iyul tarixlərində isə Prezident İlham Əliyevin iştirakı ilə  Xankəndi şəhərində  “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirildi. 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirən III Şuşa Qlobal Media Forumu  dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa  xidmət edir. Dövlət başçısı İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandıraraq hazırkı dövrün çağırışlarını açıqladı. «Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var» söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

   Şuşa Qlobal Media Forumuna Xankəndi şəhərinin ev sahibliyi etməsi bir daha  suverenliyimizin bərpasının yaratdığı reallıqların qəbulu və təsdiqidir. Forumun keçirildiyi Konqres Mərkəzində iyulun əvvəlində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Yenidənqurmanı, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıdışını görmək bü ərazilərə gələn bütün qonaqlar üçün  maraqlı olur. Dövlət başçısı İlham Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Böyük Qayıdış Proqramının icrası ilə bağlı sualı cavablandırarkən bildirdi ki, o ki qaldı, “Böyük Qayıdış”a, bunu demək üçün gərək biz ayrıca panel təşkil edək və mən təkcə bir neçə saat bu suala cavab verim. Çünki doğrudan da görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir. Qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq.

    Buna əsas verən təbii ki, son dörd ildə görülən işlərin miqyasıdır.  Daha çox infrastruktur layihələri icra edildi.  Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Prezident İlham Əliyevin vurğuladığı kimi, çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun.

   İnfrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsaitin yaşayış evlərinə istiqamətləndirilməsi nəzərdə tutulur. Cənab İlham Əliyevin azad Qarabağa səfəri çərçivəsində Xocalı rayonunun iki kəndinə insanlar qayıtdı. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatdı. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim  dərs deyir. «Yəni, bütün bunlar bilirsiniz, necə deyim, bizə bir möcüzə kimi gəlir, o cümlədən mənə. Halbuki yəni, sirr deyil ki, bütün bu qərarların verilməsində mənim iştirakım olub. Amma qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil» söyləyən dövlət başçısı İlham Əliyev onu da vurğuladı ki, burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək: «Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük.»

     Bu məqamı daim böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlamaqla da ilkə imza atdı. Hər zaman qeyd edilir ki, dünya tarixində belə hadisə olmayıb ki, müharibədən çıxan ölkə dərhal quruculuq işlərinə başlasın. Azərbaycan 30 illik işğal dövründə bütün sahələrdə inkişafa, tərəqqiyə nail olub torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq görməklə yanaşı, bu ərazilərdə  dərhal bərpa işlərinə başlamaq üçün böyük iqtisadi potensial yaratdı. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə  xarici mətbuata çoxsaylı müsahibələrində də dövlət başçısı İlham Əliyev Azərbaycanın qələbəsinə əminliyini ifadə etməklə yanaşı, görüləcək işlərin anonsunu da vermişdi.

   Dövlət başçısı İlham Əliyevin 3-cü Şuşa  Qlobal Media Forumunda   Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, professor Şerzodxon Kudratxucanın «Təəssüflər ki, bugünkü Qarabağı görmək ona nəsib olmadı. Çox çətin bir yol keçsə də, onu görə bilmədi. Amma deyək ki, Uca Tanrının iradəsi olsaydı, 2023-cü ildən sonra bu günü görə bilsəydi, Azərbaycan Prezidentinə yox, təkrar edirəm, Prezidentə yox, Azərbaycan xalqının böyük oğluna nə deyərdi? Onun baxışı, bugünkü əhvali-ruhiyyəsi necə olardı» sualına cavabı xüsusi diqqət çəkdi. Cənab İlham Əliyev bildirdi ki, atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq.

    Bu gün azad Qarabağın, azad Şərqi Zəngəzurun dirçəlməsi, diplomatik mərkəzə çevrilməsi, bu məkandan Azərbaycanın apardığı siyasətin əsas tərkib hissəsi olaraq əməkdaşlıq çağırışlarının edilməsi beynəlxalq səviyyədə təqdir edilir. ABŞ-ın Beynəlxalq Siyasət İnstitutunun nümayəndəsi Paolo Liebl von Şirax dövlət başçısı İlham Əliyevə sualını ünvanlamadan öncə ölkəmiz haqqında fikirlərini belə ifadə etdi. Vurğuladı ki, üçüncü dəfədir  bu Forumda iştirak edir. Burada dövlət başçısı İlham Əliyev ilə  görüş hər kəs üçün olduqca vacibdir. Bu, çox rəmzi bir məkandır və hər kəsə məlumdur ki, bu, çox mürəkkəb bir hekayənin gözəl sonluğudur. Azərbaycan təkcə bu bölgə  deyil, region üçün, Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında da bir körpü ola bilər. Paolo Liebl von Şirax  xarici sərmayələrin təşviqi baxımından hansı əlavə tədbirlərin görüləcəyini,  iqtisadiyyatınızda ən perspektivli sahələrin hansılar olduğunu,  etibarlı tərəfdaşlarımız kimi hansı ölkələrin və şirkətlərin ola biləcəyini öyrənmək istədi.

      Qeyd edək ki, Azərbaycan böyük investisiyalar məkanı kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyev  Azərbaycanın bu uğurunu  İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə də xüsusi qeyd etmişdi. Ölkəmizin bu illər ərzində  inkişafını hansı istiqamətdə apardığı və davam etdirdiyi məlumdur. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən mühüm addımlardan oldu. «Əsrin müqaviləsi»nin imzalanması ilə  Azərbaycana inam artdı. Bu saziş həm ölkəmizin iqtisadi qüdrətini artırdı, həm də siyasi mövqeyini möhkəmləndirdi. 2003-cü ildən isə iqtisadiyyatın şaxələndirilməsi siyasəti prioritet məsələ kimi öndə dayandı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. «Neft kapitalını insan kapilatına çevirək!» tezisini irəli sürən dövlət başçısı İlham Əliyev dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinadən bildirdi ki, onları inkişaf etdirən elmdir, bilikdir, yeni texnologiyalardır. Cənab İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda sözügedən  məsələ ilə bağlı sualı cavablandırarkən də bu məqamı xüsusi qeyd etdi ki, daxili gündəliyimizə gəldikdə  Azərbaycanın öz inkişafına hansı istiqamətdə davam edəcəyi aydındır.  Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Biz eyni mövqedən çıxış edirik. Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər: «Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir.»

     Bu reallığı xüsusi qeyd etməliyik ki, Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq.

   Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafı prioritetdir. Ümumilikdə Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Qarşılıqlı etimad mühitinin qorunması əsas çağırışlar sırasındadır.

 Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır.  «Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var.

Ənənəvi enerji infrastrukturu layihələrinə gəldikdə isə cənab İlham Əliyev bildirdi ki, bütün planlarımıza nail olmuşuq. Bəli, biz bilirik ki, bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və  bu həcmi artırmağa hazırıq. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır.

    44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dünyaya təqdimatı oldu. 30 il Azərbaycan dünyadan ədalət gözlədi.  Lakin ikili standartlara əsaslanan siyasətin nəticəsi olaraq maraqlar ədaləti və beynəlxalq hüququ üstələdi.  Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilmədi.  Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozdu, torpaqlarımızın təxminən 20 faizini işğal etdi, etnik təmizləmə siyasəti apardı, Xocalı soyqırımını törətdi, bütün şəhər-kəndlərimizi viran qoydu. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutdumu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymadılar. Hazırda tarixə qovuşan Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan  ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi də daim dövlətimiz tərəfindən bildirildi. Azərbaycan ən yüksək tribunalardan ikili standartlara son qoyulmasına, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar edir. Tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi bir daha sübut etdi ki, ədalət var, bunun bərpasına nail olmaq üçün səylər göstərmək, qətiyyətli addımlar atmaq lazımdır. Bu reallıq cənab  İlham Əliyevin bütün çıxışlarında vurğulanır ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmayıb. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu əzmin qabağında dura bilməz.  Cənab İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda da «Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz» sualını cavablandırarkən bildirdi ki, Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi. Münaqişəsonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi. Pul yox idi, xəzinə boş idi. Bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi. İqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi. Həmin vaxt Ulu Öndər  Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Cənab İlham Əliyev bu məqamı da qeyd etdi: «Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq. Yalnız bir şeyi düşünürdük. Mən əminəm, vətəndaşlarımızın əksəriyyəti də mənim dediyimi bölüşür ki, işğal olunmuş torpaqlarımızı necə qaytarmağı fikirləşirdik.»

   2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın 30 illik işğal dövründə hər bir sahədə qələbəyə hazır olduğunu təsdiqlədi. İstər döyüş meydanında qələbəmiz, istərsə də informasiya cəbhəsində üstünlüyümüz Azərbaycanın real həqiqətlərə və tarixi faktlara əsaslanan  müstəqil siyasəti nəticəsində qazandığı uğurların nümayişidir. Postmünaqişə dövründə də Azərbaycanın daha da güclənməsi, qüdrətlənməsi, ordu quruculuğu əsas çağırışlardandır. Azərbaycan xalqı tam əmin idi ki, dövlətimizin qətiyyətli mövqeyi sayəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayılacaq, əsl həyata başlayacaq.

Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili əsasında bu çağırışı etdi ki, heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq.

Dövlət başçısı İlham Əliyev sülh sazişinə nə qədər yaxın olduğumuza da aydınlıq gətirdi. Bildirdi ki, sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Məhz Azərbaycan sülh prosesinin təşəbbüskarı olmuşdur.

İki məsələ - Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması  həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Bu proses geridönməz xarakter alıb: «Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik. Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq və biz artıq bu haqda danışdıq. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq.»

Təbii ki, bütün bu çağırışların təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Dövlət başçısı İlham Əliyev «Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox» söyləyərək bildirdi ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib.

Yeganə Əliyeva, "İki sahil"