Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları Qazaxda “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr”, “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi”, “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər” mövzularında növbəti təlimlərə başlayıblar.
“İki sahil” xəbər verir ki, təlimləri DİM-in əməkdaşları - Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi Cavid Əliyev, Hüquq sektorunun böyük məsləhətçisi Mirzağa Yaqubzadə həyata keçirəcəklər.
İlk təlimi Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi, psixologiya üzrə fəlsəfə doktoru Cavid Əliyev “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda keçirib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər.
C.Əliyev “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr”, “Peşəkar kommunikasiya”, “İnsana komanda daxilində effektiv və xoş ünsiyyət qurmaqda nə kömək edir?”, “Peşəkar kommunikasiyanın prinsipləri”, “Kommunikasiya növləri”, “Komanda işi dedikdə ağlınıza ilk gələn söz nədir?”, “Komandada rollar” və s. mövzular ətrafında geniş izahat verib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Təlimlər iyulun 24-də də davam edəcək.