23 iyul 2025 16:59
164

“Azərbaycanda kənd təsərrüfatı” fotomüsabiqəsinə yekun vurulub - FOTO

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycanda kənd təsərrüfatı” fotomüsabiqəsinin nəticələrinin elan edilməsi ilə bağlı tədbir və sərgi keçirilib. Tədbirdə qeyd olunub ki, müsabiqəyə kənd təsərrüfatı, aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilib. Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, bu cür müsabiqə və yarışların keçirilməsi aqrar sahədə həyata keçirilən tədbirlərin fotoqrafların fotoobyektivləri vasitəsilə ifadə edilməsi, kənd təsərrüfatı sahəsində yeniliklərin və fermerlərin zəhmətinin nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edir.  

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.

Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəsin iştirakına şərait yaradılıb, müsabiqəyə fotoaparatla yanaşı, smartfon və dronla çəkilmiş fotolar da qəbul edilib. Qısa müddət ərzində müsabiqəyə 1000-ə yaxın fotoşəkil təqdim edilib, fotoşəkillər ölkənin bütün bölgələrindən, o cümlədən işğaldan azad edilmiş Qarabağ və digər bölgələrdən daxil olub, burada hətta müharibə dövrünə aid şəkillər də yer alıb. Bütün şəkillər Azərbaycanın gözəl təbiəti, kənd təsərrüfatı, zəhmətkeş insanlarını və fermerlərin böyük zəhmətini əks etdirib.

Müsabiqəyə göndərilən nümunələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib. Münsiflər heyətinin qərarı ilə müsabiqədə Vüqar İbadovun müəllifi olduğu “Böyük torpağın balaca sahibi – Xocalı sakini” fotoşəkili I yerə, İlham Mustafayevin müəllifi olduğu “Yamacda sürü” fotoşəkili II yerə, Cavid Rzayevin müəllifi olduğu “Çoban və quzu” fotoşəkili III yerə layiq görülüb. Müsabiqədə I-III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə diplom və pul mükafatları təqdim olunub.

Bununla yanaşı, sərgidə nümayiş olunan 5 ən yaxşı fotonun – “Kök yığan qadın” fotoşəklinin müəllifi Famil Mahmudbəyli, “Pambıq emalı” fotoşəklinin müəllifi Elxan Qəniyev, “Kürdəmirdə qarpız yığımı” fotoşəklinin müəllifi Ramil Zeynalov, “Günəbaxanlar” fotoşəklinin müəllifi Cavid Abdullayev, “Balıq ovu” fotoşəklinin müəllifi Kürçaylı Məmmədov, eləcə də 30 ən yaxşı fotonun müəllifi müxtəlif məbləğdə pul mükafatlarına layiq görülüb.

Tədbirdə çıxış edən natiqlər Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərə hədiyyələr təqdim olunub.  

Qeyd edək ki, Aqrar Sığorta Fondunun təqdim etdiyi xidmət və məhsullar ilə Fondun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Orxan Vahidoğlu, “İki sahil”