Cəlilabad torpağının yetişdirdiyi mərd, qeyrətli, çətin anda elinə, yurduna çəpər olmağı bacaran oğulların cərgəsində Əli Rüstəmovun adı qürurla, iftixarla çəkilir. 1992-ci il avqustun 15-də rayonun Çünzəli kəndində dünyaya göz açan bu, Vətən sevdalısı İkinci Qarabağ müharibəsinin şəhididir. Qarabağımızın igid, vətənpərvər, xilaskarı oğlu, qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoludur. Nəsibi müqəddəs şəhidlik zirvəsindən boylanmaq səadəti olan Əli olduqca şərəfli həyat yaşadı, 28 yaşında ürəklərdə özünə əzəmətli bir abidə ucaltdı.
Əli Yağınəli oğlu Rüstəmov özünü tanıyanda işğalçı erməni dığalardan qisas almaq əsas amalına dönüb. Və o məqamı səbirsizliklə gözləyib. Ailədə məsləhətləşib onu evləndiriblər. . Bu da qabağını ala bilməyib. Vətən torpağının hər qarış uğrunda döyüşə hazır olan Əli düşmənə onun yerini göstərmək üçün hərbiyə yazılıb. 2020-ci ilin aprel ayında cəbhə bölgəsində kəşfiyyatçı kimi Azərbaycana xidmət göstərib. O, hazırlıqla əlaqədar keçirilən təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş etdirib, bir qayda olaraq uğur qazanıb. Bütün çətinliklərə dözüb ki, müharibə meydanında yağı onun qarşısında qala bilməsin. 44 günlük haqq savaşımızda bütün igid oğlanlar kimi çəkinmədən, ölümün gözünə dik baxa-baxa odun-alovun içinə girib. Düşmənə vurduğu ilk zərbə də yerinə düşüb. Nəticədə xeyli sayda dığa məhv olub. Öndə getməklə Cəbrayıl, Füzuli ərazilərində mərdliklə vuruşub, bir-birindən çətin döyüş əməliyyatlarda fərqlənib. İntiqam alanacan yağıya qarşı vuruşacağına and içən igid Əli çiyin-çiyinə döyüşdüyü silahdaşlarına da deyib ki, həmişə cəsarətli olun. Biz haqq işimiz naminə vuruşuruq. Tezliklə yağını məhv edib, xalqın 30 illik yurd həsrətinə son qoyarıq.
Əli oktyabrın 8-də Füzulidə sözün əsl mənasında dığaların kabusuna çevrilib. Elə burada düşmən gülləsinə tuş gəlib və ölümcül yaralanıb. Qaldı ki, yağıya təslim olmayıb, son nəfəsinə qədər mübarizə aparıb, döyüşə-döyüşə Vətən eşqi ilə döyünən ürəyi dayanaraq müqəddəs, şərəflə şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin ailəsində deyirlər:- Bir-iki gün idi Əlidən xəbər gəlmirdi. Narahat olduq. Telefonuna da zəng çatmadı və düşündük ki, əməliyyatdadır, gəlib özü zəng vurar. Sən demə artıq Əlinin ruhu ulduzlu göylərdə dolaşır. Oktyabrın 29-dan 30-na keçən gecə Əlinin şəhidlik zirvəsinə ucalması xəbəri bizə çatdırıldı. Zəfər şəhidimiz həmin gün böyük izdihamla doğulduğu kənddə son mənzilə yola salındı. Həyat yoldaşı onun tabutunu çiyninə götürərək qəbiristanlığa qədər apardı.
Əli o qədər vətənpərvər olub ki, hətta toyunda belə maşınını üçrəngli bayrağımızla bəzəyib. Hazırda Əlinin yatdığı müqəddəs yer nəinki kənd sakinləri, hətta onu tanıyan və tanımayan insanlar tərəfindən ziyarət edilir.
Ölümsüzlüyə qovuşan Cəlilabadın qəhrəman şəhidi oğlu Əli dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın azadlığına görə medallarına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü