25 iyul 2025 08:08
324

Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə - 235 nəfər, Cəbrayıl şəhərinə isə 50 ailə - 199 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.