25 iyul 2025 08:12
174

Sənaye zonalarında “rezident sıçrayışı”: Yarım ildə 307 milyonluq sərmayə

2025-ci ilin birinci yarısı Azərbaycanda sənayeləşmə prosesinin sürətlənməsi və regional iqtisadi inkişafın gücləndirilməsi baxımından mühüm göstəricilərlə yadda qalıb. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında ümumi investisiya portfeli 307 milyon manatdan artıq olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilməsi ölkədə investisiya mühitinin getdikcə daha da cəlbedici hala gəldiyini nümayiş etdirir. Bu sahibkarlıq subyektlərinin regionlar üzrə paylanmasına diqqət yetirdikdə Ağdam, “Araz Vadisi İqtisadi Zonası”, Hacıqabul, Sumqayıt, Masallı və Sabirabad kimi müxtəlif iqtisadi mərkəzlərdə aparılan dövlət siyasətinin yerli inkişafı stimullaşdırmaq məqsədi daşıdığı aydın görünür.

Xüsusilə Ağdam və “Araz Vadisi” kimi işğaldan azad edilmiş ərazilərdə yeni investisiya layihələrinin cəlb edilməsi həmin regionların iqtisadi dövriyyəyə tam inteqrasiya olunması istiqamətində atılmış strateji addımlardandır. Qeydiyyata alınan şirkətlərin fəaliyyət istiqamətləri isə sənaye sahəsində innovativ və yüksək əlavə dəyərli məhsulların istehsalına yönəlib. Bu layihələr çərçivəsində smart televizorlar, velosipedlər, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsal olunacaq, tekstil sənayesində klaster modeli tətbiq ediləcək, həmçinin günəş elektrik stansiyası inşa ediləcək. Bu, təkcə daxili tələbatı qarşılamaqla kifayətlənməyəcək, eyni zamanda, ixracyönümlü məhsulların həcmini artırmaq və "yaşıl" iqtisadiyyat prinsiplərinə uyğun yeni sənaye strukturunun formalaşmasına zəmin yaradacaq.

Sənaye zonalarında yaradılan müasir infrastruktur, vergi və gömrük güzəştləri, texnoloji dəstək və logistika imkanları sahibkarlar üçün rəqabətqabiliyyətli istehsal mühiti formalaşdırıb. Bu da öz növbəsində, müəssisələrin məhsullarını beynəlxalq bazarlara çıxarmaq imkanlarını genişləndirib. Artıq sənaye parklarında istehsal olunan məhsullar xarici ölkələrə ixrac edilir ki, bu da Azərbaycanın qeyri-neft ixracının şaxələndirilməsi baxımından mühüm nəticədir. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azertexnolayn” MMC-nin uğurlu ixrac təcrübəsi xüsusi qeyd olunmalıdır. Şirkət tərəfindən ilk dəfə olaraq Yunanıstana iki başlı suvarma hidrantlarının ixracı həyata keçirilib. Bu məhsulların birinci mərhələdə ümumi dəyəri 100 min manatdan çox olub ki, bu da təkcə müəssisənin istehsal gücünün deyil, həm də texnoloji keyfiyyət standartlarına uyğunluğunun göstəricisidir. Eyni zamanda bu fakt Azərbaycan sənaye məhsullarının Avropa bazarlarında rəqabətədavamlı olduğunu və yeni bazarlara çıxışın real nəticələr verdiyini sübut edir.  Bu kimi nailiyyətlər göstərir ki, sənaye zonalarının inkişafı yalnız ölkə daxilində iqtisadi aktivliyin artmasına deyil, həm də Azərbaycan brendi ilə istehsal olunan məhsulların qlobal bazarlarda tanınmasına xidmət edir. Bu isə ölkənin sənayeləşmə strategiyasının uğurla həyata keçirildiyini təsdiqləyən vacib göstəricilərdən biridir.

“Azertexnolayn” MMC-nin fəaliyyəti həm istehsalın şaxələndirilməsi, həm də ixrac coğrafiyasının genişlənməsi baxımından uğurlu model kimi dəyərləndirilə bilər. 2013-cü ildən parkın rezidenti kimi fəaliyyətə başlayan şirkət bu gün müxtəlif diametrli polad borular, yüksək təzyiqli hidrotexniki avadanlıqlar, eləcə də xüsusi təyinatlı polietilen borular istehsal edir. Müəssisədə hazırda 60-dan çox çeşiddə məhsul istehsal olunması onun texnoloji imkanlarının və istehsalat çevikliyinin genişliyindən xəbər verir. Həmçinin bu məhsullar təkcə daxili bazarın tələbatını qarşılamır, eyni zamanda dünyanın 25-dən çox ölkəsinə ixrac olunaraq Azərbaycanın sənaye brendinin qlobal tanınmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə siyasəti Azərbaycanın iqtisadi inkişaf modelində əsas sütunlardan birinə çevrilib. Bu siyasətin uğurlu icrasının bariz nümunəsi kimi sənaye parklarının təşkili, onların zəruri infrastrukturla təmin olunması və yerli və xarici investorlara cəlbedici mühitin yaradılması göstərilə bilər. Son illərdə bu sahədə atılan ardıcıl addımlar nəticəsində Sumqayıt, Balaxanı, Mingəçevir, Pirallahı kimi iri sənaye parkları, habelə Neftçala, Masallı, Sabirabad və Hacıqabul sənaye məhəllələri qeyri-neft sektorunun fəal inkişaf etdiyi regional mərkəzlərə çevrilib. Bu sənaye zonalarında fəaliyyət göstərən müəssisələr yüksək texnoloji avadanlıqlarla təchiz olunaraq, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalına yönəlib. Bu, həm məhsul keyfiyyətinə, həm də beynəlxalq standartlara uyğunluğa birbaşa təsir göstərir.

Məsələn, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan plastik məmulatlar, gübrə, mis və elektrik avadanlıqları artıq Avropa və Asiya bazarlarına çıxarılır. Bu, həm ixrac coğrafiyasının genişləndiyini, həm də Azərbaycan məhsullarına xaricdə artan tələbatı nümayiş etdirir. Eyni zamanda, bu dinamika ölkənin ixrac strukturunda qeyri-neft məhsullarının payını nəzərəçarpacaq dərəcədə artırır. Bu da öz növbəsində ölkəyə daxil olan valyuta axınını yüksəldir, tədiyyə balansının sabitliyinə töhfə verir və makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır. İxrac yönümlü sənayeləşmə modeli həm də regionlarda məşğulluğun artmasına, yeni iş yerlərinin yaradılmasına və sosial rifahın yüksəlməsinə səbəb olur. Balaxanı Sənaye Parkı  tullantıların təkrar emalı və ekoloji təmiz istehsal sahəsində ixtisaslaşıb. Bu parkda həyata keçirilən layihələr ölkənin “yaşıl iqtisadiyyat” və davamlı inkişaf hədəflərinə uyğun olaraq həm ətraf mühitin mühafizəsinə, həm də resurslardan daha səmərəli istifadəyə şərait yaradır. Buradakı müəssisələr tullantılardan kağız, plastik, tekstil və digər məhsullar istehsal etməklə, həm xammal asılılığını azaldır, həm də daxili bazarda qiymət sabitliyinə müsbət təsir göstərir.

Mingəçevir Sənaye Parkı isə əsasən yüngül sənaye və tekstil klasterinin formalaşması baxımından önəmlidir. Burada yaradılan müasir toxuculuq və iplik istehsalı müəssisələri yerli xammaldan istifadə etməklə tekstil məhsullarının daxili və xarici bazarlarda rəqabətini artırır. Bu həm kənd təsərrüfatı ilə sənaye arasında inteqrasiyanı gücləndirir, həm də bölgədə qadınların və gənclərin məşğulluğunu artıraraq sosial inklüzivliyə töhfə verir.

Pirallahı Sənaye Parkı  Azərbaycanda dərman istehsalı sahəsində ixtisaslaşan ilk sənaye parkıdır. Burada əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələr müasir texnologiyalar əsasında dərman preparatlarının istehsalını həyata keçirir. Bu, ölkənin dərman təchizatında xarici asılılığını azaltmaqla yanaşı, səhiyyə sektoruna strateji dəstək verir və dərman təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Eyni zamanda, Neftçala, Masallı, Sabirabad və Hacıqabulda fəaliyyət göstərən sənaye məhəllələri regionların iqtisadi inkişafının lokomotivi rolunu oynayır. Bu məhəllələrdə əsasən kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli istehsalat sahələri yaradılıb. Burada müxtəlif sahələr üzrə – mebel, qida, tikinti materialları, kənd təsərrüfatı avadanlıqları və digər məhsulların istehsalı həyata keçirilir. Bu müəssisələrin fəaliyyəti təkcə iqtisadi göstəricilərlə deyil, eyni zamanda sosial baxımdan da böyük əhəmiyyət kəsb edir – regionlarda məşğulluq artır, köçün qarşısı alınır, əhalinin rifahı yüksəlir.

Beləliklə, sənaye parkları və məhəllələri Azərbaycanın sənaye xəritəsində təkcə istehsal məkanları deyil, həm də iqtisadi inkişafın mühüm sütunları, sosial rifahın təminatçıları və ölkənin strateji dayanıqlığının mühüm dayaqları kimi çıxış edirlər. Bu platformalar ətrafında formalaşan iqtisadi ekosistem tədricən yerli istehsalın gücləndirilməsi, ixracın artırılması və iqtisadi suverenliyin təmin olunması istiqamətində konkret nəticələr verir.

Nigar Orucova, "İki sahil"