25 iyul 2025 20:30
165

Belçika parlamenti həqiqətləri niyə təhrif edir?

Bu qətnamə Belçika Nümayəndələr Palatasının ikili standartlar siyasətini bir daha təsdiq edir

Azərbaycan 30 illik münaqişəyə son qoyub, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Amma Belçika hələ də bununla razılaşmaq istəmir. Belə ki, bu günlərdə Belçika parlamentinin Nümayəndələr Palatası insan hüquqlarına qayğı və sülhə dəstək adı altında Cənubi Qafqazın daxili işlərinə qarışmaq istəyini açıq şəkildə nümayiş etdirən anti-Azərbaycan qətnaməsi qəbul edib. Qətnamədə Azərbaycanın qondarma, separatçı “artsax” rejiminə qarşı keçirdiyi qanuni antiterror əməliyyatı “hücum” kimi qiymətləndirilir, bu addımın beynəlxalq hüquqa zidd olduğu iddia edilir. Halbuki, Azərbaycanın həmin ərazidə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, bu zaman mülki əhaliyə və mülki obyektlərə heç bir zərər toxunmadığı faktını BMT-nin bölgəyə göndərdiyi faktaraşdırıcı missiya da təsdiqləyib. Yəni, Azərbaycan 2020-ci ilin sentyabrında birgünlük antiterror tədbirini həyata keçirərkən BMT Nizamnaməsinə, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə tam riayət edib.

Bu aspektdən çıxış etsək, görərik ki, Belçika Nümayəndələr Palatası üzvlərinin Azərbaycanı “müharibə cinayətlərində” və “insan hüquqlarının pozuntularında” ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır.  Qəribə burasıdır ki, qətnamədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxlanılmasının, bu dövrdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlərin, soyqırımı aktlarının, 750 min azərbaycanlının öz vətənindən didərgin salınmasının üstündən sükutla keçilib. Üstəlik, qətnamədə Ermənistandan kütləvi surətdə deportasiya edilmiş və ya zorla qovulmuş yüz minlərlə azərbaycanlının dinc yolla ata-baba torpaqlarına qayıtmaq hüququnu nəzərdə tutan “Qərbi Azərbaycan” anlayışı ilə bağlı təxribatçı və yanlış təfsirə yol verilib. Halbuki bu anlayış haqq-ədalət istəyini ifadə edir və beynəlxalq hüquqa tam uyğundur. Əvəzində isə öz torpağında sülhü və ədaləti bərqərar etməyə çalışan Azərbaycan haqsız hücumlara məruz qoyulub. Şübhəsiz, bu, Belçika Nümayəndələr Palatasının ikili standartlardan çıxış etməsini bir daha göstərir.  Həm də  birinci dəfə deyil ki, Azərbaycan bir sıra qurumların ikili standartlar siyasəti ilə üzləşir. Şübhəsiz, bu, Belçika Krallığı tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir. Ayrı-seçkilik, ermənipərəstlik isə əksər Avropa dövlətlərinin, o cümlədən Belçikanın, əgər belə demək mümkünsə, əyinlərinə biçilib.

Bütün bunlar bir daha ondan xəbər verir ki, son vaxtlar sülh gündəliyinin irəli aparılması üçün ciddi addımların atıldığı bir şəraitdə Belçika parlamentində erməni diasporu ilə əlaqəsi olan qüvvələr sülh prosesini pozmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə yanaşı, Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) da Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qəbul etdiyi birtərəfli və qərəzli qətnaməni qətiyyətlə rədd edib və etirazını bildirib. EAPCA-nın bəyanatında deyilir ki, sözügedən qətnamə beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə zidd olmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq səylərinə ciddi zərbə vurur: “Bu cür yanaşma regionda davamlı sülhün bərqərar olması üçün atılan konstruktiv addımlara xələl gətirir və birtərəfli siyasi mövqe nümayiş etdirir. Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası olaraq Belçika parlamentini məsuliyyətli və obyektiv davranmağa, Cənubi Qafqazda sülh və əməkdaşlığın təşviqinə töhfə verməyə çağırırıq”.

Şübhəsiz, Belçika parlamentində qəbul edilən Azərbaycan əleyhinə qətnamə təkcə ayrı-ayrı deputatların təşəbbüsü deyil, onların arxasında duran, maliyyə və media baxımından güclü olan erməni diasporunun sistemli fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, Belçika parlamentinin bundan əvvəl də Azərbaycan əleyhinə cəfəng ittihamlarla dolu, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təhdid edən qətnamə layihələri müzakirə edib. Ümumiyyətlə, Belçika parlamentində son 3 ildə Azərbay­canla bağlı 5 birtərəfli və qərəzli qətnamə qəbul edilib. Halbuki, rəsmi Bakı həmişə bütün dünya dövlətləri, o cümlədən də Belçika Krallığı ilə beynəlxalq hüquq prinsipləri əsasında xoş münasibətlər qurmaq niyyətini bəyan edib. Hətta iyul ayının 4-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşündə iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qvami Məhəbbətoğlu, “İki sahil”