Yenə də bir qrup üzdəniraq ermənipərəst ABŞ konqresmeni ölkəmizin suverenliyinə qarşı çıxmaqla öz çirkin niyyətlərini açıq şəkildə ortaya qoyublar. Onlar ABŞ Prezidenti Donald Trampa müraciət edərək Qarabağdan könüllü gedən ermənilərin geri qaytarılmalarını istəyiblər. Əslində onların bu müraciətləri ona hesablanıb ki, Azərbaycanla Ermənistan arasında sürətlənən sülh danışıqlarına mane olsunlar. Xüsusilə onların Qarabağ ermənilərinin qaytarılması istiqamətindəki tələbləri açıq şəkildə ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı təxribatdır.
Xüsusi qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri, eyni zamanda, Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən səmərəli görüşləri deməyə əsas verir ki, iki ölkə arasında sülh müqaviləsinin mətni razılaşdırılma mərhələsindədir. Belə bir məqamda bir qrup ABŞ konqresmeninin qərəzli çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hələ də Cənubi Qafqazda süni gərginlik və müharibə ocağı yaratmağa çalışırlar.
Bu ermənipərəstlər hələ də anlamaq isəmirlər ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarına burada qalmağı və digər millətlər kimi yaşamağı təklif etmişdi. Lakin ermənilər bundan imtina etdilər. Çünki həmin ermənilərin bir çoxunun əli on minlərlə günahsız Azərbaycan vətəndaşının qanına batmışdır. Onlar haqq- ədalət qarşısında cavab verməkdən qorxaraq Qarabağı tərk etmsək məcburiyyətində qaldılar.
Hələ də Cənubi Qafqazdakı prosesləri yanlış anlamağa çalışan bu ermnipərəstlər erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlar verməklə özlərini də biabır edirlər. Çünki bu riyakarları Azərbaycan xalqı yaxşı tanıyr və onlar son 30 ildə Ermənistanın Azərbaycana ərazilərinin işğalına, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susmaqla yalnız təcavüzkarın yanında olduqlarını göstəriblər. İndi onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün də dəridən-qabıqdan çıxırlar.
Bir məsələni də xatırlatmağa ehtiyac var ki, əvvəllər bu kimi anti-Azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub. Həmçinin məlum müraciətin təşəbbüskarlarından biri olan demokrat-senator ……Adam Şiffi isə Trampı sərt tənqid edərək onun cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. Bundan başqa, 2024-cü ildə COP29 tədbirinə görə ölkəmizə gəlmiş konqresmen Frank Peloni Azərbaycanın yerli ictimai fəalları tərəfindən «Rədd ol!» şüarları ilə qarşılanmışdı. Bundan sonra o. səfərini yarımçıq qoyaraq Bakını rüsvayçılıqla tərk etmişdi.
Sual olunur: cənab konqresmenlər, siz Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışırsınızsa, bəs niyə Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının qayıdışından söz açmırsınız? Halbuki bizim də bir dövlət və millət olaraq istəyimiz Qərbi Azərbaycandan digərgin düşən soydaşlarımızın öz ata- baba torpaqlarına dinc yolla qayıtmalarıdır. Ona görə də bu gün Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa çalışır.
Bu ermənipərəst konqresmenlər yaxşı bilirlər ki, təcavüzkar Ermənistanın 30 illik işğalı zamanı yalnız vətəndaşlarımıza qarşı deyil, həm də tarixi- mədəni irsimizə qarşı da terror baş verib. Bəs bu vandalizmdən niyə danışmırlar? Ona görə ki, vicdan susan yerdə şeytan at oynadar...
Erməni lobbisinin süfrəsindən qidalanan konqresmenlərin bu kimi ədalətsizlikləri həm də yaxın tarixə nəzər salmaq zərurəti yaradır. Belə ki, ötən əsrin 90-cı illərində işğala məruz qaldığımız halda, onlar əksinə Azərbaycanı işğalçı kimi tanıyırdılar. Məhz bu ikili standartlara və qərəzə görə 1992-ci ildə ABŞ Konqresi «Azadlığa dəstək aktı» deyilən sənədə 907-ci düzəlişi qəbul etmişdir. Bu düzəlişə görə, Azərbaycana Ağ Evin dövlət yardımı qadağan olunmuşdu. Nəticədə bu, Ermənistanda cəzasızlığa əminlik yaradaraq onların yeni təcavüzlərinə zəmin yaratmışdı. Düşünmək olar ki, üzərindən otuz ildən artıq müddətin keçməsinə baxmayaraq, ABŞ-dakı eyni qüvvələr yenə də ermənipərəstliklərindən əl çəkmək istəmirlər.
ABŞ Prezidenti Donald Tramp ilk prezidentliyi dönəmində, ümumən, dünyada yaşanan proseslərə münasibətdə, müəyyən qədər, loyallıq göstərmişdi. Ermənistan-Azərbaycan münaqişəsinə yanaşma da bu baxımdan fərqlənmirdi. Nəticə etibarilə Tramp administrasiyası İkinci Qarabağ müharibəsi zamanı neytrallığını qorudu ki, bu da ABŞ-dakı erməni lobbisini qəzəbləndirdi. Bu gün ABŞ Prezidentinin Bakı-İrəvan sülhünə dəstək verdiyi məlumdur. Bunu Azərbaycan xalqı görür və dəstəkləyir. Nəzərə alaq ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda məhz bu məqamları nəzərdə tutaraq demişdir: «Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və bir boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın. Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni, nəyin üzərində israr edəcəksiniz? Yəni, demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər».
Buradan aydın görünür ki, Ötən il ABŞ-da hakimiyyətə Tramp yox, Kamala Harris gəlsəydi heç şübhəsiz ki, sabiq prezident Baydenin imzaladığa və qatı antiAzərbaycan məzmunlu ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası indi tam işlək halda olacaqdı. Bu isə tamailə Ermənistana dəstək aktı idi. İndi belə nəticəyə gəlirik ki, haqqında söz açdığımız sülh prosesini ləngitmək və Trampın mövqelərini zəiflətmək ermənipərəstlərin əsas planlarının tərkib hissəsidir. Bu yerdə Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumunda səsləndirdiyi daha bir fikir də yada düşür: «Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona (Prezindet Donald Tramp nəzərdə tutulur – red.) çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun.»
Elçin Zaman, «İki sahil»