Böyük Britaniya hökuməti Qəzza zolağında 300-ə qədər ağır xəstə uşağın dövlət klinikalarında müalicəsi üçün təxliyə planını hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti mənbələrinə istinadla yazır.
Qeyd olunur ki, proqramın detalları rəsmi olaraq yaxın həftələrdə açıqlanacaq. Birləşmiş Krallığın xarici işlər naziri David Lammi, daxili işlər naziri İvet Kuper və səhiyyə naziri Uez Stritinq bu proqram üzərində birgə işləyirlər. Vurğulanır ki, Qəzzadan hər bir uşaq valideynlərindən, qəyyumlarından və ya digər qohumlarının birinin müşayiəti ilə gətiriləcək. Nəşrə görə, Britaniya hökuməti təxliyə edilənlərin bəzilərinin müalicədən sonra vətənlərinə qaytarmamağı düşünür.
Qəzet bildirir ki, 2023-ci ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən indiyə qədər Qəzzadan yalnız üç uşağa Böyük Britaniyada tibbi viza verilib. Ağır xəstə uşaqlara yardım Project Pure Hope təşkilatı tərəfindən göstərilir.
"The Sunday Times" Qəzza səhiyyə nazirliyinin məlumatına istinadla xatırladır ki, münaqişə müddətində anklavdan ümumilikdə 7 mindən çox xəstə, o cümlədən 5 min uşaq təxliyə edilib. Onların əksəriyyəti Misir, BƏƏ və ya Qətərə aparılıb. Təxminən 200 uşaq İspaniya, İtaliya, İrlandiya, Norveç və Rumıniya daxil olmaqla Avropa ölkələrinə təxliyə edilib.