03 avqust 2025 18:50
96

Naxçıvanda 2 gündə 7 yanğın hadisəsi qeydə alınıb

Avqustun 2-də və bu gün ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 7 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Şərur rayonunun Günnüt kəndində dağlıq ərazidə, Şahbuzun Badamlı qəsəbəsində və Culfanın Yaycı kəndində quru otluq sahələrdə, Culfanın Ərəfsə və Gülüstan kəndilərində tullantı poliqonlarında, Şərurun Arpaçay kəndində həyətyanı sahədə və Babək şəhərində minik avtomobilində yanğın hadisələri baş verib.

Yanğınlar nəticəsində Günnütdə 25 hektar və Badamlıda 50 kvadratmetr quru otluq sahə, Gülüstanda isə 60 kvadratmetr sahə yanıb. Gülüstanda 40 kvadratmetr sahə, Arpaçayda isə 72 kvadratmetr mebel sexi yanğından mühafizə edilib. Babək şəhərində "OKA" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin olunub.