05 avqust 2025 01:57
102

Keçmiş məcburi köçkünlərin qayıdış sevinci

Ələddin Məhərrəmov: İllərlə bu günü gözləmişəm

Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Belə ki, iyulun 28-də növbəti köç karvanı - 62 nəfərdən ibarət 17 ailə yenidən qurulan Xocalı rayonunun Ballıca kəndinə yola salınıb. İyulun 29-da Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə - 236 nəfər, iyulun 30-da Cəbrayıl şəhərinə 44 ailə - 166 nəfər, iyulun 31-də Ağdam rayonunun Xıdırlı kəndinə 58 ailə - 225 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Ballıca kəndinə köçürülənlərin arasında 37 yaşlı Ələddin Əhəd oğlu Məhərrəmovun 5 nəfərdən ibarət ailəsi də olub. Əslən Xocalının Kosalar kəndindən olan Ələddin Məhərrəmov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, onun üçün Qarabağın hər qarışı, o cümlədən Ballıca da doğmadır: “Amma bir məsələni qeyd etmək istəyirəm. Valideynlərimdən və böyüklərdən eşitmişəm ki, Kosalar kəndinə düşmən qüvvələri dəfələrlə hücuma keçiblər, hər dəfə də ağır itkilərlə geri çəkilməyə məcbur olublar. Rəsmi məlumatlara görə, Kosalar kəndi uğrunda ermənilər 200-dən çox canlı qüvvəsini itirdiyi üçün İrəvanda üç gün matəm elan olunub. Amma 1992-ci ilin martında ətraf kəndlərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində Kosalar blokadaya alınıb. Mayın 9-da qadın və uşaqlar özünümüdafiə batalyonunun açdığı yol ilə dağları aşaraq Laçına üz tutublar. Yəni, demək istəyirəm ki, Kosalar I Qarabağ müharibəsində Qarabağın dağlıq hissəsini ən son tərk edən kənd olub. Yeri gəlmişkən, onu da deyim ki, mənim atam Əhəd kişi və əmim də özünümüdafiə batalyonun döyüşçülərindən olublar. Mən Kosaları tərk edəndə 5 yaşım vardı. Yadıma az da olsa nələrsə düşür. Burada bir nüansı da vurğulamaq istərdim. Atam Əhəd kişi bu ilin fevral ayının 24-də Qarabağ torpaqlarında olub. Doğma yurdunu ziyarət edib. Amma təəssüf ki, ona yenidən Qarabağa, doğma yurda qayıtmaq sevinci nəsib olmayıb. Belə ki, o, fevral ayının 28-də dünyasını dəyişib”.

Məcburi köçkün kimi Gəncədəki Yeni qəsəbə-2-də məskunlaşdıqlarını bildirən müsahimiz Qarabağa qayıdışını həyatının ən sevincli anı kimi dəyərləndirdi: “Sözün düzü, hazırda keçirdiyim hissləri dilə gətirməkdə çətinlik çəkirəm. Bircə onu deyə bilərəm ki, bundan sonra başqa heç bir arzum qalmayıb, yəni, ən vacib olanı gerçəkləşib. İllərlə bu günü gözləmişəm. Şükürlər olsun ki, illərlə qəlbimdə daşıdığım həsrət və nisgil artıq keçmişdə qaldı. İllərdir xəyallarımda yaşatdığım torpaqlara geri döndüm. Bəli, başı müsibətlər çəkmiş Xocalıya və onun kəndlərinə də bu gün Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyat yenidən qayıdır. Bu mənada bu ərazilərə köçən keçmiş məcburi köçkünlər də öz işləri ilə bu dirçəlişə yardım etməkdədirlər”.

Müsahibimiz daha sonra dedi: “Rəsmi məlumatlara görə, indiyədək Xocalının Ballıca kəndində 180 ailə- 840 nəfər məskunlaşıb. Ümumilkdə bizim də köçümüz daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb. Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır. Onu da deyim ki, Ballıcada Vətən həsrəti ilə yaşamış insanlar üçün hər cür şərait yaradılıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşuq. Şübhəsiz, bütün bunlar, yəni, yaradılan şərait, tikilən evlər, müasir infrastruktur dövlətimizin biz məcburi köçkünlərə verdiyi dəyərin göstəricisidir. Mənə, eləcə də digər keçmiş məcburu köçkünlərə bu sevinci bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, həmçinin rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edir, qazilərimizə cansağlığı arzulayır, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Unutmayaq ki, biz məhz onların fədakarlığı sayəsində bu torpaqlara qayıtmışıq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”