Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” futzal klubunun qarşısına ilkin mərhələdə yer aldığı qrupu lider kimi başa vurmaq hədəfi qoyulub.
“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında son ölkə çempionunun baş məşqçisi Yevgeni Kukseviç bildirib.
Rusiyalı mütəxəssis başqa nəticənin onlar üçün uğursuz hesab olunacağını söyləyib:
“Qrupu lider kimi başa vurmaq qarşımıza qoyulan vəzifədir. Heç bir başqa nəticəyə köklənməmişik. Lider kimi növbəti mərhələyə adlamaq istəyirik. İkinci yeri tutsaq, bu bizim üçün uğursuz nəticə kimi qiymətləndiriləcək. Nə mən, nə köməkçilərim, nə də komanda ikinci yer haqqında düşünür”.
Baş məşqçi avqustun 2-dən komanda şəklində məşqlərə başladıqlarını qeyd edib:
“UEFA Çempionlar Liqasının ilkin mərhələsinə hazırlıq prosesi artıq başlayıb. İyunun 23-dən Bakıda olan yerli futzalçılar yüngül məşqlərə başlamışdılar. Avqustun 2-dən isə Bakı şəhərində yerləşən otellərdən birində məskunlaşmışıq və komanda şəklində gündə iki dəfə olmaqla məşqlər keçirik. Bütün oyunçular tibbi müayinədən keçiblər”.
Baş məşqçi rəhbərliyin kollektivdə yaxşı ab-hava yaratdığını vurğulayıb:
“Mən gəldiyim gündən komandada yaxşı ab-hava var. Rəhbərliyə təşəkkür edirəm ki, belə atmosfer yarada biliblər. Bu baxımdan mənə böyük kömək göstərilir. Hərtərəfli dəstək verirlər və istədiyim şəraiti yaradırlar ki, təlim-məşq prosesi lazımi şəkildə keçsin. Yeni qoşulanlar da komandaya rəng qatıblar və hazırda dostluq, ailə münasibətləri hökm sürür”.
Y.Kukseviç texniki-taktiki məşqlərə kökləndiklərini bildirib:
“Hazırda komandada yerli və mənimlə birlikdə gəlmiş köməkçi məşqçilər var. Məşqlərimizin daha səmərəli olması üçün bunlar vacibdir. Yükümün bir az azalması daha çox texniki-taktiki məsələlərə köklənməyimə yardım göstərir. Bu səbəbdən klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sizə də təşəkkür edirəm ki, komandanın durumu ilə daim maraqlanırsınız”.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.