09 avqust 2025 20:09
124

Bolqarıstan mətbuatı: Vaşinqtondakı tarixi sülh sazişi Cənubi Qafqazda yeni mərhələnin əsasını qoyur

Bolqarıstanın aparıcı media qurumları ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda imzalanan tarixi sülh sazişini geniş işıqlandırıb.

“İki sahil” xəbər verir ki, Bolqarıstan milli radiosu (BNR) Ağ Evdə keçirilən üçtərəfli görüşdə liderlərin uzunmüddətli sülhün bərqərar olması barədə razılığa gəldiklərini yazıb. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Donald Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi təşəbbüsünü də elan etdikləri qeyd olunub. Xəbərdə vurğulanıb ki, saziş Naxçıvana birbaşa tranzit yolunun yaradılmasını da nəzərdə tutur.

NOVA televiziya kanalı bildirir ki, Tramp mərasimdə daimi sülh əldə olunduğunu bəyan edib. Materialda, həmçinin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın ABŞ Prezidentinin Nobel mükafatına namizədliyini dəstəklədiyi diqqətə çatdırılıb.

Mediapool.bg xəbər portalı yazır ki, imzalanan razılaşma tərəflərin “heç vaxt müharibə etməmək” öhdəliyini əks etdirir və bu addım regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

News.bg xəbər portalının hazırladığı məqalədə Azərbaycan və Ermənistan rəhbərlərinin Nobel təşəbbüsünün imza mərasimində diplomatik jest kimi təqdim olunduğu və dünya ictimaiyyətində müsbət rezonans doğurduğu bildirilib.

“Bloomberg TV Bulgaria” televiziya kanalı qeyd edir ki, Tramp Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində nadir vasitəçilərdən biri kimi dəyərləndirilir. Razılaşmanın bölgədə kommunikasiya xətlərinin, o cümlədən İrəvan-Bakı marşrutunun açılmasına zəmin yaradacağı vurğulanıb.

BTA – Bolqarıstan milli xəbər agentliyi isə yazır ki, Azərbaycan və Ermənistanın ABŞ Prezidentini Nobel Sülh Mükafatına namizəd göstərmək barədə birgə qərarı dünya diplomatiyasında nadir və simvolik addım kimi qiymətləndirilir.

Bolqarıstan mediasının ümumi qənaətinə görə, Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda davamlı sülh və sabitliyin əsasını qoyur, Nobel təşəbbüsü isə bu tarixi prosesin beynəlxalq miqyasda tanınmasına xidmət edir.