12 avqust 2025 10:49
121

Azərbaycandakı Amerika Ticarət Palatası Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır

Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış sülh sazişini məmnunluqla qarşılayır. Bu tarixi sənəd Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni bir mərhələnin başlanğıcını qoyur.

İki sahil”in məlumatına görə, AmCham Azərbaycan hesab edir ki, bu mühüm razılaşma təkcə uzunmüddətli sülhün təmin olunmasına deyil, həm də ticarət, investisiya və dayanıqlı iqtisadi artım üçün daha əlverişli mühitin formalaşmasına töhfə verəcək. Palata bu addımı regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və beynəlxalq biznes əməkdaşlığı üçün yeni imkanların açılması baxımından mühüm hadisə kimi qiymətləndirir.

Bu münasibətlə AmCham Azərbaycan, sazişin əldə olunmasında göstərdiyi rol və verdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarına və ABŞ Prezidenti Donald J. Trampa dərin minnətdarlığını ifadə edir. Palata, ABŞ-ın regionda sülhün, sabitliyin və rifahın təşviqinə sadiqliyini yüksək qiymətləndirir.

Sülh və sabitlik iqtisadi inkişafın əsas təməl daşlarıdır. Bu tarixi saziş isə hər iki ölkə və bütün region üçün yeni imkanların qapısını açır. AmCham Azərbaycan bu uğurun əldə olunmasında beynəlxalq tərəfdaşların konstruktiv əməkdaşlığını yüksək dəyərləndirir.

Azərbaycanda müxtəlif sahələri təmsil edən 270-dən artıq üzv şirkəti birləşdirən aparıcı biznes assosiasiyası kimi AmCham Azərbaycan dialoqun inkişafına, tərəfdaşlıqların gücləndirilməsinə və dayanıqlı sülh ilə iqtisadi tərəqqiyə töhfə verən təşəbbüslərin dəstəklənməsinə sadiqdir.