Qüdrətli Azərbaycan Moskvanın Cənubi Qafqazdakı 200 illik hegemonluğuna son qoymaq üzrədir
Rusiyanın ölkəmizə qarşı təxribat xarakterli hüsumları son günlər daha da artıb. Görünən odur ki, Azərbaycana qarşı bu vəhşiliklərin əsas təşkilatçısı məhz Kreml rəhbərliyidir. Xüsusən Ukraynanın Odessa şəhəri istiqamətində Azərbaycan neftinin də ixrac olunduğu qaz kəmərinə raket hücumu, SOCAR-ın yanacaqdoldurma məntəqələrinin dəfələrlə hədəfə alınması, səfirliyimizin yaxınlığındakı ərazilərə raket zərbələri Moskvanın planlı təxribatının nəticələridir.
2024-cü ilin dekabrın 25-da Rusiya ərazisində mülki sərnişin daşıyan təyyarəmizin vurulması, Yekaterinburqda soydaşlavrımıza qarşı baş verən qətllər və MDB çərçivəsində nümayiş olunan soyuqluq da bu münasibətin davamı kimi dəyərləndirilir. Bu təxribatların fonunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan tarixi görüş, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və Cənubi Qafqazda sülhə yönəlik yeni imkanların açılması Moskvanın narahatlığını daha da artırıb. Rusiya regiondakı sabitliyi istəmir, Azərbaycanın müstəqil xarici siyasətini və ABŞ-lə güclənən əməkdaşlığını isə açıq şəkildə qısqanır.
Rusiyanın Azərbaycana qarşı düşmənçiliyi əslində onunla bağlıdır ki, son bir neçə ildə Azərbaycanın artan hərbi və siyasi gücü bu ölkəni ciddi şəkildə narahat edir. Xüsusilə son bir neçə ildə qardaş Türkiyə ilə koordinasiyalı fəaliyyətimizi, hərbi, siyasi və iqtisadi sahələrdə strateji müttəfiqliyimizi Moskva özü üçün təhlükə hesab edir. Eyni zamanda, ölkəmizin Ermənistanla birbaşa və ikitərəfli danışıqlar aparması Moskvanın vasitəçilik monopoliyasını zəiflədərək, onu regiondakı əsas arbitr rolundan kənarlaşdırıb. Artıq Rusiya anlayır ki, daha onun sözü Cənubi Qafqazda keçərli deyildir. Ona görə də Cənubi Qafqazda yeganə güc sahibi olan Azərbaycanı özünün təsir dairəsində saxlamaq Rusiyanın əsas hədəflərindəndir.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna məsələsində Rusiyanı birbaşa işğalçı hesab edir. Ölkəmizin başçısı Moskavdakı toplantılarda və rəsmi beynəlxalq tədbirlərdə Ukraynanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Dövlətimizin başçısı hətta ötən ay keçirilən III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Qordonun sualını cavablandırarkən onları açıq şəkildə işğalla barışmamağa səslədi. Eyni zamanda, digər bir ukraynalı jurnalistin Ukraynanın ən döyüşkən taboru olan «Şevron» milli qvardiyasının simvolunu Prezident İlham Əliyevə hədiyyə etməsi və ölkəmizin başçısının bu hədiyyədən məmnun qaldığını bildirməsi Rusiyanın rəsmi dairələrini təşvişə saldı.
Görünən odur ki, Rusiya Azərbaycanın Ukrayna müharibəsində tutduğu ədalətli mövqeyini qəbul etmək istəmir. Əvəzində onu Belarus kimi açıq dəstək mövqeyinə çəkməyə çalışır. Bu isə birmənalı olaraq Azərbaycanın milli və dövlət maraqlarına ziddir. Çünki balanslaşdırılmış siyasət ölkəmizin beynəlxalq mövqelərinin əsasını təşkil edir.
Ümumiyyətlə, Azərbaycan xalqının son onilliklərdə yaşadığı ən böyük faciələr - 20 Yanvar qırğını, Xocalı soyqırımı və Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılması - təkcə tariximizin qara səhifələri deyil, həm də bu faciələrin arxasında duran geosiyasi gücün - Rusiyanın imperialist maraqlarının bariz nümunəsidir. 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya daxil olaraq dinc əhaliyə qarşı həyata keçirdiyi amansız qırğın, sadəcə Sovet totalitarizminin son çırpıntısı deyildi. Bu, Moskvanın azadlıq istəyən bir xalqı cəzalandırmaq cəhdi idi. Azərbaycanın müstəqilliyə doğru irəliləyişini dayandırmaq üçün Rusiya tankları paytaxt küçələrinə çıxdı, qadın, uşaq, yaşlı demədən yüzlərlə insan qan gölündə boğulul. Azərbaycanın gələcəkdə Kremlin təsirindən çıxmasına qarşı yönəlmiş mesaj idi.
Xocalı soyqırımı isə Rusiyanın erməni separatizminə verdiyi açıq və gizli dəstəyin nəticəsi oldu. 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlılara qarşı törədilən vəhşilik - qadınların, uşaqların, qocaların işgəncə ilə öldürülməsi - erməni silahlı birləşmələrinin və Rusiyaya bağlı 366-cı motoatıcı alayın birgə cinayəti idi. Bu hadisə bir daha sübut etdi ki, Moskva təkcə siyasi deyil, həm də hərbi vasitələrlə Azərbaycan torpaqlarının işğalını təşviq edir.
Qarabağın və ətraf rayonların işğalı, 30 ilə yaxın bu torpaqların erməni nəzarətində qalması isə Kremlin strateji planlarının tərkib hissəsi oldu. Bu illər ərzində Rusiya formal olaraq vasitəçi rolunda çıxış etsə də əslində status-kvonun qorunmasında maraqlı tərəf idi. Çünki Azərbaycan torpaqlarının işğalda qalması Rusiyaya Cənubi Qafqazda təsirini saxlamaq üçün təzyiq vasitəsi idi. Beləliklə, həm Ermənistanı özündən asılı vəziyyətdə saxlayır, həm də Azərbaycanın müstəqil siyasi kursuna qarşı əngəl yaradırdı.
Ərazi bütövlüyümüzün pozulması, xalqımıza qarşı törədilmiş vəhşiliklər, itirilmiş insanlar və viran qoyulmuş yurdlar - bütün bunların arxasında Kremlin illərdir apardığı imperialist və ikili standartlara söykənən siyasəti dayanır. Bu faciələr təkcə Ermənistanın deyil, onu dəstəkləyən, yönəldən və qoruyan Rusiyanın da məsuliyyətidir. Son 30 ildə Ermənistana bağışladığı milyardlarla dollarlıq silahlar Azərbaycanı işğalçı qarşısında gücsüz qoymağa hesablanmışdı. Azərbaycanın milli yaddaşında unudulmayacaq bir gerçək var: Əgər bu torpaqlarda qan tökülübsə, onun izində rus siyasətinin qanlı əlləri var. Ən dəhşətlisi isə son 30 ildə Rusiya Ermənistanı ölkəmizə qarşı gücləndirmək məqsədi ilə ona milyardlarla dollar silah bağışlayıb.
Rusiya hələ 200 il əvvəl də Azərbaycana qarşı da qanlı cinayətlər törədib. O dövrlərdə Gəncə, Qarabağ, Lənkəran xanlıqlarının işğalı və Cavad xanın qətlə yetirilməsinin bir məqsədi var idi: İrandan, Hindistandan və digər ölkələrdən erməniləri Azərbaycan torpaqlarına köçürməklə burada özünə satqın və müti bir qəbilə –tayfa birliyi yaratmaq. Sonradan məhz onların əli ilə daim türklərə və müsəlmanlara hücum edilərək bölgəni qan çanağına çevirirdilər. Hətta azərbaycanlıların öz torpaqlarından deportasiyasa etmək qədər antibəşəri addımlr atdılar.
Elçin Zaman, «İki sahil»