Bu gün Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin fəaliyyətinin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə uğurlar qazanır. Demək olar ki, dünyanın çağırışları ilə ayaqlaşmağa başlamış ölkəmiz unikal xarici siyasət yeridir, mütəmadi olaraq yeni təşəbbüslər irəli sürür və onların həyata keçirilməsinə öz töhfəsini verir. Yaxın və uzaq ölkələrdə artıq yaxşı bilirlər ki, Azərbaycan Lideri qeyri-real məsələlərə heç bir münasibət bildirmir, yəni elə-belə, çıxış xatirinə söz demir. Müttəfiqlərinə və tərəfdaşlarına sədaqət göstərir və onlardan da belə münasibət gözləyir. Son 23 ildə bir Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq layihələr reallaşdıran Azərbaycan bəzən müəyyən bədxah dairələrin süni surətdə yaratdıqları maneələri aşaraq öz təşəbbüslərini həyata keçirib. Süni maniələri Qarabağ torpağının işğaldan azad edilməsində və Avropaya təbii qaz kəməri çəkilişi zamanı gördük. O vaxt bədxahlar ekoloyi bəhanər “taparaq” ortalığa atmışdılar. Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasının mümkünsüzlüyünü iddia edirdilər. Başqa faktlar da var. Əlbəttə, biz çətin qazanılan bu nailiyyətlərlə fəxr etməliyik. Axı, elə dövlətlər var ki, heç əlli-altmış ildə bir beynəlxalq layihə hazırlaya və reallaşdıra bilmir.
Bu günlər Bakıda yeni işgüzar əhval-ruhiyyə hökm sürməkdədir. 180 dövlətlərin qırx min nəfərlik təmsilçisi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün paytaxtımıza gəliblər.
WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.
Forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və "yaşıl şəhər" modelləri ilə bağlı müzakirələr aparılır. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması kimi diqqətdədir.
Tədbirdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri xüsusi diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, həmçinin bölgənin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl model kimi beynəlxalq ictimaiyyətə təqdim edilib.
WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində artan təcrübəsini və ölkənin qlobal əməkdaşlıq platformalarındakı rolunu bir daha nümayiş etdirir. Forumun Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, həm də Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində həyata keçirdiyi siyasətin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.
Forumun davam etdiyi müddətdə xarici qonaqlar Azərbaycan mədəniyyəti, tarixi abidələri, incəsənəti, folkloru musiqisi və mətbəxi ilə tanış olacaqlar. Onlar üçün elə şərait yaradılıb ki, ölkəmizdən gedəndən illər sonra da buradakı təəssüratları yaddan çıxarmayacaqlar.
Vəli İlyasov, “İki sahil”