Yeni Kaledoniya məsələsi Cənubi Sakit okean regionunun ən mürəkkəb və uzunmüddətli siyasi problemlərindən biri olaraq qalır. Fransanın dənizaşırı siyasəti, kanak xalqının müstəqillik arzusu və beynəlxalq hüququn dekolonizasiya prinsipləri arasındakı gərginlik uzun illərdir davam edir. 2025-ci il iyulun 12-də Paris yaxınlığındakı Bujival şəhərində imzalanan Bujival sazişi bu gərginliyi yeni mərhələyə daşıyıb. FLNKS və digər azadlıq təşkilatları sazişi “məcburi” adlandıraraq xalqın siyasi iradəsinə hörmətsizlik kimi qiymətləndirirlər. Mari-Pyer Qoyeş öz çıxışında fəal qüvvələri dinc şəkildə müqavimət göstərməyə çağırıb. Kristian Teyn isə bildirib ki, Bujival sazişi kanak xalqının hüquqlarını tam təmin etmir və müstəqilliyin təmin olunmasına xidmət etmir. Beynəlxalq Dekolonizasiya Cəbhəsi də sazişin hüquqi və beynəlxalq prinsiplər baxımından yetərsiz olduğunu vurğulayaraq BMT Baş Assambleyasının 1514 (XV) saylı Qətnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə zidd olduğunu bildirib. Bu sənədin hüquqi mahiyyəti həm Fransanın Konstitusiyasında, həm də beynəlxalq hüquqda açıq şəkildə təsbit edilib.
Kanak xalqının müstəqillik uğrunda mübarizəsi XIX əsrin ortalarından başlayıb. Fransanın Yeni Kaledoniyanı öz müstəmləkəsi elan etməsi və sonrakı onilliklər ərzində iqtisadi, sosial və mədəni məhdudiyyətlər tətbiq etməsi kanak toplumunun milli hüquq və kimlik uğrunda mübarizəsini intensivləşdirib. XX əsrin ortalarında başlayan siyasi təşəbbüslər xüsusilə 1980-ci illərdə FLNKS-in təşkilatlanması ilə nəticələndi. FLNKS bu müddət ərzində həm diplomatik, həm siyasi, həm də bəzən hərbi tədbirlərlə Fransanın idarəetmə siyasətinə qarşı çıxaraq, kanak xalqının hüquqlarını müdafiə etməyə çalışıb. 1988-ci ildə imzalanan Matignon və 1998-ci ildə bağlanan Noumea sazişi kanakların muxtariyyət hüquqlarını müəyyən qədər tanısa da tam müstəqillik arzusu təmin olunmayıb. Bu baxımdan Bujival sazişi həm tarixi, həm də siyasi kontekstdə yeni mübahisələrə səbəb olub.
Bujival sazişi Fransanın rəsmi mövqeyinə görə, Yeni Kaledoniyaya “xüsusi status” verərək regionun idarəetməsində yeni siyasi model yaratmağı nəzərdə tutur. Sazişə əsasən, Yeni Kaledoniya Fransanın tərkibində qalır, lakin kanaklar ikili vətəndaşlıq hüququna malik olacaqlar, həm Fransa, həm də yeni təsis ediləcək “Kaledoniya” vətəndaşlığı. Sənəd, eyni zamanda, müdafiə, təhlükəsizlik və digər sahələrdə suveren səlahiyyətlərin tədricən ötürülməsini nəzərdə tutur. Lakin sazişin qüvvəyə minməsi yalnız 2026-cı ildə keçiriləcək referendumun müsbət nəticəsinə bağlıdır. Rəsmi Paris sazişi bütün tərəflərin, o cümlədən FLNKS nümayəndələrinin aylarla davam edən işinin nəticəsi kimi təqdim edir. Lakin FLNKS-in mövqeyi fərqlidir. Hərəkatın rəhbərliyi sazişin nə danışıqların ruhunu, nə də kanak xalqının prinsipial mövqelərini əks etdirdiyini vurğulayır.
2024-cü ilin may ayında Fransanın güc strukturlarının azadlıq tələb edən kanaklara qarşı zorakılıqla müşayiət olunan hərəkətləri nəticəsində Yeni Kaledoniyada 14 dinc sakin həlak olub. Bu hadisə bölgədəki gərginliyi daha da artırıb və kanak cəmiyyəti arasında sosial-iqtisadi və siyasi etirazların böyüməsinə səbəb olub. FLNKS-in çağırışı, həmçinin Bujival sazişi ilə razılaşmayan Kanak və digər siyasi qüvvələri birləşdirərək dinc, lakin prinsipial müqavimət strategiyasını formalaşdırmağa yönəlib.
Fransanın mövqeyi isə fərqlidir. Dövlət naziri Manuel Vals avqustun 18-də Yeni Kaledoniyaya səfər edərək Bujival sazişini qorumaq və regionda siyasi stabilliyi təmin etmək niyyətində olduğunu açıqlayıb. Rəsmi Paris sazişi mübahisəsiz bir siyasi model kimi təqdim edir, lakin onun qəbul olunması üçün kanak xalqının razılığı və referendumun nəticələri həlledici olacaq. Bu, həm də Fransanın dənizaşırı ərazilərdə siyasi nüfuzunu qorumaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Bujival sazişi və Yeni Kaledoniyada baş verənlər yalnız regional məsələ deyil, həm də beynəlxalq hüquq və dekolonizasiya prinsipləri baxımından əhəmiyyətlidir. Kanak xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin olunması Fransanın dənizaşırı siyasəti və beynəlxalq cəmiyyətin rolunun düzgün təhlili bu məsələdə önəmlidir. Sazişin icrası zamanı yaranan gərginliklər, xalqın hüquqlarının qorunması və rəsmi dövlət siyasəti arasındakı tarazlığın necə təmin olunacağı sualını gündəmə gətirir. Eyni zamanda, hadisələr Fransanın digər dənizaşırı ərazilərində də müstəqillik və muxtariyyət uğrunda mübarizələrin gələcək gedişatına təsir göstərə bilər.
Kanak xalqının prinsipial mövqeyi və FLNKS-in dinc müqavimət çağırışı, həmçinin beynəlxalq cəmiyyətin bu prosesdə oynayacağı rol regionun gələcəyinə yön verəcək. Sazişin icrası və ya rədd olunması Yeni Kaledoniyada sosial-iqtisadi stabilliyin təmin olunması və dinc həll yollarının tapılması baxımından həlledici olacaq. Bu proses, həmçinin Fransanın dənizaşırı ərazilərdəki idarəetmə modelinin gələcək perspektivlərinə işıq salır və müstəqillik hərəkatlarının beynəlxalq səviyyədə dəstəklənməsi məsələsini yenidən aktuallaşdırır.
Nigar Orucova, “İki sahil”