Yusuf Tekinay: Azərbaycan artıq qlobal tədbirlərə ev sahibliyi edən, beynəlxalq müzakirələrdə fəal iştirak edən və mühüm təşəbbüslərlə çıxış edən ölkəyə çevrilib
“WUF13 – Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycan üçün çox mühüm uğurdur. Ümumdünya Şəhərsalma Forumu BMT-nin UN-Habitat proqramı tərəfindən iki ildən bir təşkil olunan və şəhərsalma sahəsində dünyanın ən nüfuzlu qlobal platformalarından biri hesab edilən tədbirdir. Bu il forumun 17–22 may 2026-cı il tarixlərində Bakıda, UN-Habitat və Azərbaycan hökumətinin əməkdaşlığı ilə keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə artan rolunu açıq şəkildə göstərir”.
Bunu “İki sahil”ə açıqlamasında Kuzey Kıbrıs Genç İş İnsanları Derneğinin (GİAD) başqanı Yusuf Tekinay deyib.
O, qeyd edib ki, bu gün şəhərsalma yalnız bina, yol və infrastruktur məsələsi deyil: “Şəhərsalma eyni zamanda həyat keyfiyyəti, ekologiya, nəqliyyat, mənzil təminatı, enerji səmərəliliyi, sosial ədalət, texnologiya, təhlükəsizlik və insan yönümlü inkişaf məsələsidir. Bu baxımdan WUF13 kimi mötəbər forumun Bakıda keçirilməsi onu göstərir ki, Bakı artıq təkcə regional deyil, qlobal məsələlərin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib”.
Qeyd edilib ki, belə tədbirlər Azərbaycanın beynəlxalq nüfuzuna çox ciddi töhfə verir: “Çünki dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, bələdiyyələr, şəhər planlaşdırıcıları, akademik dairələr, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri Bakıda bir araya gəlirlər. Bu isə Azərbaycanın təşkilatçılıq imkanlarını, müasir infrastrukturunu, inkişaf vizyonunu və qonaqpərvərliyini dünyaya nümayiş etdirir”.
Y.Tekinayın sözlərinə görə, bu forum Türk dünyası baxımından da xüsusi əhəmiyyət daşıyır: “Çünki Bakıda keçirilən hər bir qlobal tədbir yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının beynəlxalq aləmdə nüfuzunu artırır. Türk dünyası artıq təkcə ortaq tarix və mədəniyyətlə deyil, həm də müasir şəhərləri, iqtisadi potensialı, insan resursları, texnoloji baxışı və beynəlxalq təşkilatçılıq qabiliyyəti ilə özünü dünyaya təqdim etməlidir. Mən WUF13 forumunu bu baxımdan olduqca dəyərli hesab edirəm. Türk dünyasının şəhərləri arasında da daha sıx əməkdaşlıq qurulmalı, ağıllı şəhərlər, yaşıl transformasiya, fəlakətlərə davamlı şəhərlər, nəqliyyat, enerji səmərəliliyi və gənc dostu şəhərlər istiqamətində ortaq layihələr həyata keçirilməlidir. Çünki gələcəyin rəqabəti artıq yalnız dövlətlər arasında deyil, şəhərlər arasında da formalaşır”.
GİAD başqanı deyib ki, Bakının WUF13 vasitəsilə verdiyi mesaj çox aydındır: “Azərbaycan artıq qlobal tədbirlərə ev sahibliyi edən, beynəlxalq müzakirələrdə fəal iştirak edən və mühüm təşəbbüslərlə çıxış edən ölkəyə çevrilib. Bu isə həm Azərbaycan, həm də bütövlükdə Türk dünyası üçün qürurverici mənzərədir. Nəticə etibarilə, Bakıda keçirilən bu tədbirdə iştirak etmək həm Türk dünyasının vətəndaş cəmiyyəti vizyonunu, həm də Azərbaycanın qlobal miqyasda artan nüfuzunu yaxından müşahidə etmək baxımından mənim üçün çox dəyərli oldu. İnanıram ki, Türk dünyasının gələcəyi güclü liderlik, fəal vətəndaş cəmiyyəti, cəsarətli gənclər və birgə istehsal mədəniyyəti üzərində daha da parlaq şəkildə formalaşacaq”.