Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Samuxdan təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşıyıblar.
“İki sahil” bu barədə nazirliyə istinadla xəbər verir.
Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib.
Bu çərçivədə Samux rayonu ərazisində yerləşən keçmiş Kənd Kimya Birliyinin ərazisindən 64 kubmetr pestisid qalığı ilə çirklənmiş torpaq qatı xüsusi nəqliyyat vasitələri ilə Aqrar Xidmətlər Agentliyinin Cəngi Pestisid Poliqonuna daşınıb. Ümumilikdə proses çərçivəsində keçmiş Kənd Kimya Birliklərindən poliqona respublikanın 11 ərazisində yerləşən 14 məntəqədən 5 088 kubmetr pestisid qalığı ilə çirklənmiş torpaq kütləsinin Cəngi Pestisid Poliqonuna daşınması planlaşdırılır. Ötən il Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisid və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsi zərərsizləşdirmək məqsədilə xüsusi nəqliyyat vasitəsilə Aqrar Xidmətlər Agentliyinin Cəngi Pestisid Poliqonuna daşınıb.
Təhlükəli maddələrin daşınması prosesinə cəlb olunan Cəngi Pestisid Poliqonunun xüsusi təlim keçmiş əməkdaşlarığının hazırlıq səviyyəsi, texniki avadanlıqların istismara yararlılığı Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən daim nəzarətdə saxlanılır. Təhlükəli tullantıların poliqonda qəbulu zamanı əməkdaşlar əməyin mühafizəsi və təhlükəsiz texnikası qaydalarına əməl olunması məqsədilə xüsusi geyim dəstləri və avadanlıqlarla təmin olunublar.
Qeyd edək ki, SSRİ-nin süqutundan sonra baxımsız vəziyyətdə qalan Kənd Kimya Birlikləri təbiətin və antropagen amillərin təsirindən dağılıb, burada saxlanan kimyəvi maddələr istismara yararsız vəziyyətə düşüb. SSRİ dövründə pestisidlər əsasən metal çəlləklərdə saxlanılıb və zamanın təsiri ilə korroziyaya uğrayaraq pestisidlərin torpaqla təmasına şərait yaranıb. Dünyada istifadəsi beynəlxalq hüquq normalarına uyğun olaraq qadağan edilmiş pestisidlərin istifadəyə yararsız vəziyyətə düşmüş qalıqları istər flora və faunanı, istərsə də insan sağlamlığını təhlükə altına alır. Bu məqsədlə istifadəyə yararsız, parçalanmayan üzvi birləşmələr Cəngi Pestisid Poliqonunda saxlanılır və onların ətraf mühitə vurduğu ziyan minimallaşdırılır. Bu səbəbdən tullantıların poliqona daşınması bilavasitə ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.