Dövlət başçısı İlham Əliyev ölkəmizin dünya birliyində nüfuzunun artmasını şərtləndirən amillər sırasında beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunduğunu xüsusi qeyd edir
Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Ölkəmiz yeni dostlar, tərəfdaşlar qazanır. Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Ölkəmizin BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına dörd illik sədrliyi, müxtəlif mövzularda beynəlxalq tədbirlərə ev sahibliyi nüfuzunun göstəricilərindəndir. Azərbaycanın Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Bu, dövlətimizin xarici siyasətinin gündəliyini nümayiş etdirir.
Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edir. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.
Dövlət başçısı İlham Əliyev hər bir çıxışında diqqəti beş il əvvəl tarixi Zəfərə imza atmağımıza yönəldir. «Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü» bildirən cənab İlham Əliyev onu da vurğulayır ki, ki, uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışdıq. 28 il danışıqlar prosesinə sadiq qaldıq. Özünümüdafiə hüququmuzdan, BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan istifadə etdik. Beş il əvvəl ərazilərimizi işğaldan azad etdik, ərazi bütövlüyümüz bərpa olundu.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahbiliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Azərbaycan ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına- COP29-a ev sahibliyi etdi. Bununla bağlı qəbul edilən qərar ölkəmizin növbəti uğuru kimi dəyərləndirildi. Bu, Azərbaycana inamın və etimadın göstəricisidir. «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı» söyləyən cənab İlham Əliyev onu da bildirir ki, COP29 ölkədə ilin tədbiri oldu. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Onlar üçün maraqlı tanışlıq idi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir.
Azərbaycanın təkcə son aylarda ev sahibliyi etdiyi tədbirlərin say tərkibinə diqqət yetirsək ölkəmizin nüfuzunun hansı səviyyədə olduğunu daha aydın görə bilərik. Qürurvericidir ki, artıq bu tədbirlərə işğaldan azad edilmiş ərazilərimiz ev sahibliyi edir. Ötən ay Xankəndi şəhəri həm İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə, həm də III Şuşa Qlobal Media Forumuna ev sahibliyi ilə dünyanın diqqətində oldu. Bu tədbirlər Azərbaycan reallıqlarının təbliğində, ölkəmizin söz sahibliyinin təqdimatında öz sözünü deyir. Qalib Azərbaycan bundan sonra daha möhtəşəm tədbirlərə ev sahibliyi ilə diqqətdə olacaq. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana etimad böyükdür. Təbii ki, bu uğurlarımızda dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzu əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin yürütdüyü siyasətə dəstək onun fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibindən də aydın görünür.
Qarşılıqlı etimada böyük önəm verən Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri ilə daim dünyanın diqqətindədir. Cənab İlham Əliyev sözügedən Forumdakı çıxışında bu məqama da xüsusi diqqət yönəltdi ki, Azərbaycan, eyni zamanda, həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox başqa qurumlar vasitəsilə sammit formatlarında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək sıralarına yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir.
Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında bərabərhüquqlu münasibətlər qurur. Buna əmin olmaq üçün təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin dinamikasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev III Şuşa Qlobal Media Forumundakı çıxışında da əlaqlərin inkişafından, yeni dövrün çağırışlarından, Azərbaycanın yeni dünya nizamının formalaşmasına verdiyi töhfələrdən geniş bəhs etdi. Əsas diqqət göstərilən məsələlərdən biri də Azərbaycan-ABŞ münasibətlərinin hazırkı dövrdə inkişaf səviyyəsidir. Son zamanlar Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq terrorizmə qrşı mübarizə kimi sahələrdə maraqların üst-üstə düşməsi bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirir.
Tarixə nəzər salsaq Trampın birinci prezidentliyi dövründə də Azərbaycan-Amerika münasibətlərinin yüksələn xətlə inkişafı əsas prioritetlər sırasında idi. Azərbaycan və ABŞ prezidentlərinin mühüm hadisələrlə bağlı təbrik məktublarında yer alan fikirlərə diqqət yetirsək hər iki tərəfin əlaqlərimizin bütün sahələrdə uğurlu inkişafında maraqlı olduğunu görərik. Dövlətimizin başçısı İlham Əliyev Prezident seçilməsi münasibətilə 2024-cü il noyabrın 6-da Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini önə çəkərək belə bir əminliyi ifadə etmişdi ki, Donald Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyacaq. O da qeyd edilmişdi ki, biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik: “İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.” Bu fikirlər Prezident İlham Əliyevin ABŞ-la əlaqələrə strateji yanaşmasının və iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində siyasi iradəsinin göstəricisidir. Azərbaycanın müxtəlif sahələrdə, xüsusilə enerji, təhlükəsizlik və rəqəmsal transformasiya kimi önəmli istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyəti regional və qlobal sabitlik üçün ciddi əhəmiyyət daşıyır. Prezidentin bu mesajı həm də ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan və faydalı tərəfdaşlığın davam etdirilməsinə olan inamın təzahürüdür. ABŞ Prezidenti Donald Trampın Müstəqillik Günü münasibətilə bu ilin mayında Prezident İlham Əliyevə təbrik məktubu da iki ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Belə ki, ABŞ Prezidentinin həmin məktubunda bir sıra vacib fikirlər ifadə edilmişdir. “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək” bildirən Donald Tramp onu da əlavə etmişdir ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır.
ABŞ Prezidentinin Azərbaycanla əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını ortaya qoyur. Eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Bu mesaj qarşılıqlı anlaşma və etimad əsasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə dərin inam yaradır.
Azərbaycan-Amerika münasibətlərində açılan yeni səhifə tərəflərin birgə səyləri nəticəsində atılan addımların əsasında uğurlarla daha da zənginləşəcək. İki ölkə arasında əlaqələrin inkişafında üç əsas istiqamətə xüsusi önəm verilir ki, bunlardan biri də enerjidir. Yazının əvvəlində Azərbaycanın enerji sektorunda qazandığı uğurlara qısa nəzər saldıq. Ölkəmizin istər ənənəvi, istərsə də bərpaolunan enerji sahəsində qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və səmərəli şəkildə nəql olunması sahəsində ABŞ-ın dəstəyi mühüm rol oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçirilməsində Donald Tramp Administrasiyasının siyasi və diplomatik dəstəyi strateji əhəmiyyətə malik olub. Trampın praqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadi imkanların açılmasına şərait yaradıb. Həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə və regional sabitliyin təmin olunması istiqamətində qarşılıqlı fəaliyyət davamlı surətdə dərinləşir. Bu, iki ölkənin strateji maraqlarının və təhlükəsizlik öhdəliklərinin uyğunlaşmasının əyani göstəricisidir. Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub. Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Bu şərtlərin arasında birinci yerdə Ermənistanla birgə BMT-yə ünvanlanan müraciət əsasında ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması və Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması dayanır. Bu tələblər ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, regionda sülhün və əməkdaşlığın davamlı əsaslarla qurulmasına xidmət edir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. ABŞ-da aparılacaq müzakirələrin bu məsələlərin hüquqi və texniki aspektlərini əhatə etməsi gözlənilir. Ümumilikdə, Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.
Qısa təhlil Azərbaycanın yürütdüyü siyasətin onun beynəlxalq nüfuzunun möhkəmlənməsində əhəmiyyətli rolunun aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda yeni dövrün hədəflərini açıqlayarkən bu çağırışı xüsusi vurğuladı ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb: “Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir… Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.”
Yeganə Əliyeva, “İki sahil”