Dövlət başçısı İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində diqqəti «ExxonMobil» ilə SOCAR arasında əməkdaşlığa dair imzalanan Memoranduma yönəldərək bildirdi ki, layihənin gələcəyinə inam böyükdür
«Biz enerji deyəndə neft, qaz, potensial olaraq bərpaolunan enerji mənbələrini nəzərdə tuturuq. Bu gün NATO-nun 10 üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii qazla təchiz edirik. Biz boru kəməri ilə qaz tədarükü üzrə 14 ölkəni əhatə edirik. Deməli, bu baxımdan, - qaz kəmərini nəzərdə tuturam, - Azərbaycan dünyanın qabaqcıl ölkələrindən biridir. Belə ki, 10 NATO, 10 Aİ üzvü bizdən qaz alır. Biz bu yaxınlarda Suriyaya təbii qaz tədarük etməyə başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna daxil olmuşuq və coğrafiyamızı Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəyik. Bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir.» Dövlət başçısı İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində onu da qeyd etdi ki, Prezident Trampla imzaladığımız memorandumda enerji əməkdaşlığı xüsusi yer tutur. Bu əminlik də ifadə edildi ki, «ExxonMobil» və SOCAR arasında əməkdaşlığa dair imzalanan Memorandum böyük layihə ilə nəticələnəcək. Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. “Exxon” dünyanın aparıcı enerji şirkətidir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. “Exxon”un, həmçinin Azərbaycanda böyük təcrübəsi var. “Exxon” bizim “Azəri-Çıraq-Günəşli” layihəmizə ilk olaraq 1994-cü ildə qoşulmuşdu.
Layihənin gələcəyinə inamını ifadə edən dövlətimizin başçısı bildirdi ki, inanmasaydıq, memorandumun imzalanmasında iştirak etməzdik: «Mən çox nadir hallarda memorandum imzalanmasında iştirak edirəm. Mən bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, lakin bu, memorandumdur. Əlimizdə bir sıra amillər, texniki amillər var ki, onlar yeni karbohidrogen ehtiyatlarının kəşfinə işarə edir. Bəlkə də son on il və ya daha uzun müddətdə ədalətsiz şəkildə ayrı-seçkiliyə məruz qalan mədən yanacağı Prezident Trampın baxışı və siyasəti sayəsində yenə də dəbdədir. Səfər çərçivəsində heyətimizin üzvləri beynəlxalq maliyyə təşkilatları, ABŞ-ın “Ex-Im” Bankı ilə mədən yanacağı sahəsində layihələr, karbohidrogenlərin nəqli infrastrukturunda potensial maliyyəyə dair danışıqlar aparıb. Buna görə də enerji mövzusu əməkdaşlığımızın mühüm hissələrindən biri olaraq qalmağa davam edəcək».
Həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Çıxışlarında «Biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik» söyləyən cənab İlham Əliyev bu mühüm məqamı da önə çəkir ki, etibarlılıq vacib amildir. İkincisi isə Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasıda gözəl nəticələrimizdir. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə, bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.
Reallıq budur ki, ölkəmiz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Ölkəmiz özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycanın enerji sektorunda hər hədəfə zamanında və yüksək səviyyədə nail olduğu keçilən yolun təhlilində özünü aydın şəkildə nümayiş etdirir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev əminliklə ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim xüsusi önəm verilir. Ölkəmizlə əməkdaşlıq yalnız region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki, nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.
Ötən ilin mühüm hadisəsi olan COP29 Azərbaycanın yaşıl enerji sektorunda böyük potensiala və zəngin təcrübəyə malik olduğunu bir daha dünyaya təqdim etdi. Bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasındadır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin yeni reallıqları fonunda təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi prioritetdir. COP29 istər yüksək səviyyədə təşkilatçılığı, istər təmasların qurulması, körpülərin salınması üçün geniş imkanların yaradılması, istərsə də qarşıya qoyulan hədəfə nail olmaq baxımından hələ xeyli müddət müzakirə ediləcək. Hər zaman bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq, diqqət Azərbaycana yönəldilir. Bunun üçün tarixi Zəfərimizdən ötən dövr ərzində Azərbaycanın müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişaf səviyyəsinə diqqət yetirmək kifayətdir. Bu, COP29 çərçivəsində keçirilən görüşlərdə, Azərbaycanla bağlı iştirakçıların rəylərində özünün aydın ifadəsini tapdı. COP29-un Liderlər Sammitində «Uğurlu bir COP-a imza atacağıq» əminliyini ifadə edən BMT-nin Baş katibi Antonio Quterreş onu da vurğuladı ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Buna birlikdə nail olacağımıza əminik.
COP29 çərçivəsində «SOCAR Green» MMC, Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalandı. 2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1.7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda, atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.
Ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlər, əldə etdiyi nailiyyətlər artıq investorlara təqdim olunub. COP29 Azərbaycan qarşısında yeni investisiyaların cəlbi üçün də əlavə imkanlar açır. Xarici investorları cəlb edən hal təkcə ölkəmizdə yaradılan əlverişli sərmayə mühiti deyil, Azərbaycanın yaxın tezlikdə yaşıl enerjinin mühüm ixracatçısına çevriləcəyi, həmçinin digər mənbələrdən bu enerji növünün nəqlində tranzit əhəmiyyətidir.
O da məlumdur ki, 2022-ci ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər mühüm bir tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. İmzalanma mərasimindən sonrakı çıxışında «Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur» söyləyən cənab İlham Əliyev bildirdi ki, bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik. Bu da əlavə töhfəmiz olacaq.
Azərbaycanın zəngin bərpaolunan enerji potensialı mövcuddur. Artıq ilkin hesablaması aparılıb. 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə potensial çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.
Təkcə son iki ildə ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə, bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Belə ki, daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır.
Bu ilin iyun ayında Mingəçevirdə açılış mərasimi keçirilən «28 Noyabr» Elektrik Stansiyası da bir çox məqsədləri təmin edəcək. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər ölkəmizə 6500 meqavat yaşıl enerji verəcək. Əgər bu gün ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Bütün bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Çünki ölkəmiz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışır. Azərbaycan sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq.
Bu ilin avqust ayı ölkəmizin tarixinə mühüm hadisələri yazdı. Belə ki, avqustun əvvəlində Azərbaycan qazı qardaş Türkiyənin ərazisindən Suriyaya ixrac edildi. Avqustun 2-də Türkiyənin Kilis şəhərində yaşanan tarixi hadisə təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə açdı. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanması ölkəmizin enerji diplomatiyasının daha bir uğuru kimi dəyərləndirildi. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin, eləcə də enerji sahəsində gələcəyə hesablanmış strategiyanın bariz nümunəsidir. Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi çıxış edir.
Ölkənin qaz ixracı üzrə ümumi strateji məqsədi 2027-ci ilədək illik 20 milyard kubmetrdən çox ixraca nail olmaqdır. BP və digər tərəfdaşlar “Şahdəniz” yatağında əlavə qazma işləri ilə bu məqsədə dəstək verməyə hazırlaşırlar. Bu hədəfə çatmaq üçün həm texniki, həm də siyasi baxımdan yeni bazarların açılması vacib amildir. Azərbaycanın Suriyaya qaz ixracı yalnız iqtisadi deyil, həm də regionda siyasi etimadın və sabitliyin dəstəklənməsinə yönəlmiş strateji addımdır. Bakı Suriyanın bərpa və inkişafına töhfə verməklə yanaşı, yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır. Azərbaycanın elektrik enerjisi istehsal potensialı da yeni ixrac istiqamətləri üçün imkanlar açır. Yaxın gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür.
Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri təhlil etdikdə bu fikri böyük inamla qeyd edirik ki, ölkəmiz enerji sektorunda liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Uğurlarımız Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Bu strategiya Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etməklə etibarlı və arzuolunan tərəfdaş mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir.
Yeganə Əliyeva, «İki sahil»