ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş ərəfəsində neftin qiyməti yüksəlib.
“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin oktyabr müqavilələrinin dəyəri Bakı vaxtı ilə saat 18:59-a olan vəziyyətə görə 0,81 dollar (1,23 %) artaraq bir barelə görə 66,44 dollar olub.
Nyu-York əmtəə birjasında (NYMEX) sentyabr ayı üçün WTI markalı neftin fyuçersləri də 0,81 dollar (1,29 %) artaraq 63,46 dollar/barelə bərabər olub.
“ABŞ-Rusiya danışıqları ətrafındakı qeyri-müəyyənlik risk mükafatını artırmağa davam edir, çünki Rusiya neftinin alıcıları daha böyük iqtisadi təzyiqlə üzləşə bilərlər”, - “Rystad Energy” analitik qeydində bildirib.
Xatırladaq ki, Putinin Trampla görüşü cümə günü axşam Alyaskada baş tutacaq. ABŞ Prezidenti bu gün görüşün uğursuz başa çatma ehtimalını 25 % kimi qiymətləndirdiyini bildirib. Bundan əvvəl isə o, “Rusiya Ukraynada atəşkəslə razılaşmasa, çox ciddi nəticələrlə üzləşəcək” demişdi.
ABŞ-nin maliyyə naziri Skott Bessent isə söyləyib ki, sammit nəticəsiz qalarsa, Vaşinqton sanksiyalardan və ikinci dərəcəli tariflərdən istifadə edə bilər.