21 avqust 2025 18:55
86

Laçın şəhərində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunmuşdur. Məhz bu səbəbdən həmin tarix Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün, Laçının erməni işğalından azad edilərək yenidən Azərbaycan xalqının nəzarətinə qaytarıldığı tarixi hadisəni əbədiləşdirir.

Laçın rayonu 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu strateji əhəmiyyətli bölgə Ermənistanla işğal olunmuş Qarabağ ərazisi arasında “Laçın dəhlizi” kimi tanınan əsas bağlantı nöqtəsi idi. İşğal dövründə Laçın rayonunun şəhəri və kəndləri dağıdılmış, əhalisi isə məcburi köçkünə çevrilmişdi. Həmçinin işğal nəticəsində rayonun əhalisi etnik təmizlənməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşmüşdür. Bundan başqa yüzlərlə mədəniyyət, təhsil, səhiyyə müəssisəsi, eləcə də müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilmişdir.

İşğal dövründə Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur. Lakin 2020-ci ilin 44 günlük Vətən Müharibəsi nəticəsində əldə olunan tarixi Zəfərdən sonra 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanata əsasən, Laçın rayonu, o cümlədən Laçın şəhəri də mərhələli şəkildə Azərbaycanın nəzarətinə qaytarıldı. 2022-ci ilin 26 avqustunda Azərbaycan Ordusu Laçın şəhərinə daxil olaraq tam nəzarəti bərpa etdi. Güclü siyasi rəhbərlik sayəsində Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi və Ali Baş Komandanın tabeliyində Azərbaycan Silahlı Qüvvələri tarixi qələbə qazanaraq Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra dövlət başçısı tərəfindən sülh gündəliyi irəli sürüldü, qarşı tərəf sülhə məcbur edildi. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda baş tutan son sülh danışıqlarında əldə olunan mühüm və tarixi nailiyyət əldə olundu.

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə azad olunmuş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın şəhərində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Müasir infrastruktur, təhsil və səhiyyə obyektləri, yollar və yaşayış binaları inşa olunur. Ən önəmlisi isə – uzun illərdən sonra laçınlı ailələr doğma torpaqlarına qayıdır. Həmçinin bu müddət ərzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

İşğaldan azad edildikdən sonra Ölkə Başçısının təşəbbüsü ilə Laçında generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Bundan başqa, Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Laçında Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. O cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir.

Şəhərin Baş plan layihəsində həyətyanı sahəsi olan fərdi evlərə, o cümlədən digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsinə üstünlük verilmişdir. Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılması nəzərdə tutulmuşdur. Bu gün ümumilikdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib və daha bir çox yaşayış və qeyri-yaşayış sahələrinin tikinti və bərpası davam etdirilir. Həmçinin 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olmuşdur. Bərpa və quruculuq işləri ilə yanaşı şəhərdə istehsal müəssisələrinin yaradılması işləri də ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.

Ölkə Başçısı Prezident İlham Əliyevin Laçına göstərdiyi xüsusi diqqət və həyata keçirdiyi mühüm tədbirlər sayəsində Laçın bu gün bir çox dövlətlərin diqqət mərkəzindədir. Azərbaycanda Laçın şəhəri gününün qeyd olunması uzun illər davam edən ədalətsizliyin sona çatmasının simvoludur. Bu gün xalqımızın yaddaşında tarixi zəfərin, torpağa bağlılığın və azadlıq arzusunun gerçəkləşdiyi gün kimi əbədiləşmişdir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva