01 sentyabr 2025 10:56
181

Rusiya Prezidenti təhlükəsizliyin möhkəmləndirilməsində ŞƏT-in rolunu vurğulayıb

Rusiya Prezidenti Vladimir Putin Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib ki, ABŞ Prezidenti Donald Trampla Alyaskada əldə olunan anlaşma Ukraynada sülhə yol açır.

“İki sahil” xəbər verir ki, Rusiya lideri hazırkı böhranın Kiyevdə Qərbin təhrik etdiyi dövlət çevrilişi nəticəsində yarandığını vurğulayıb, Ukraynanı NATO-ya cəlb etmək üçün davamlı cəhdləri münaqişənin əsas səbəblərindən biri adlandırıb. Onun sözlərinə görə, uzunmüddətli nizamlanma üçün böhranın əsas səbəblərini aradan qaldırmaq və təhlükəsizlik sahəsində balansı bərpa etmək lazımdır.

Putin daha sonra qeyd edib ki, Rusiya Federasiyası heç bir ölkənin öz təhlükəsizliyini başqasının maraqları hesabına təmin edə bilməyəcəyi mövqeyindədir. O, Alyaskada keçirilən sammitin nəticələri barədə ŞƏT həmkarlarını məlumatlandıracağına söz verib.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, ŞƏT çərçivəsində dialoq Avrasiyada avrosentrik və avroatlantik modelləri əvəz etməli olan yeni təhlükəsizlik sisteminin əsasını qoyur. O vurğulayıb ki, təşkilatın beynəlxalq məsələlərdə öz təsirini ardıcıl olaraq artırması, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəni genişləndirməsi və təsirli əməkdaşlıq templəri nümayiş etdirməsi müsbət haldır.