03 sentyabr 2025 00:56
218

Minsk qrupu da “gorbagor” oldu

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının (ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu) bağlanmasına dair qərar qəbul olunub. Qərarda keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar etibarsız elan edilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qeyd edək ki, avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüş çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Fəaliyyətdə olan Sədrinə birgə müraciət məktubu ünvanlamışdılar. Bu mənada bu qərarı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzaladıqları Birgə Bəyannamənin davamı kimi dəyərləndirmək olar.  

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in Baş katibi Feridun H. Sinirlioğlu Ermənistanın və Azərbaycanın birgə müraciətindən sonra Minsk Prosesinin və əlaqədar strukturların bağlanması barədə Nazirlər Şurasının qərarını tarixi hadisə kimi dəyərləndiriblər. ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir: “Bu, diplomatiyanın onilliklər boyu davam edən münaqişə və etimadsızlıqdan sonra da nələrə nail ola biləcəyini göstərən tarixi bir hadisədir. Bu, tərəflərin ortaq məxrəcə gəlmək istiqamətində ortaq iradə nümayiş etdirdikdə razılığın mümkün olduğunu sübut edir”.

ATƏT PA-nın Prezidenti Pere Joan Pons da ATƏT Nazirlər Şurasının Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra Minsk prosesinin bağlanması ilə əlaqədar qərarını təqdir edib: "Kökləri dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülhə gedən yolu gücləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik". Yeri gəlmişkən, Türkiyə Xarici İşlər Nazirliyi də bu qərarı alqışlayıb. Bildirilib ki, iki ölkənin ortaq səyi ilə reallaşan bu qərar Azərbaycan və Ermənistan arasında sülh prosesinin önəmli mərhələlərindən biridir. 

Bu mənada bu qərarı Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addım adlandırmaq olar. Bu, həm də keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin “sənədli-sübutlu” tamamilə bağlanması deməkdir. Çünki məhz bu qərarla keçmiş Ermənistan-Azərbaycan münaqişəsi tamamilə ATƏT-in gündəliyindən çıxarılıb.  Odur ki, daha “status” barədə danışılmır, heç bir beynəlxalq qurum bu mövzunu gündəmə gətirmir. Şübhəsiz, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu qərar Ermənistanı davamlı sülhə daha da yaxınlaşdırır, eyni zamanda, Avropada təhlükəsizliyə və əməkdaşlığa töhfə verir.

Xatırladaq ki, bu, Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü iki əsas şərtindən biri idi. Bu isə o deməkdir ki, yekun sülh sazişi artıq zaman məsələsidir və proses yalnız Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə bağlıdır. Bu məqamda Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsindəki aşağıdakı sözlərini də xatırlatmaq yerinə düşər: “Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”. Şübhəsiz, Minsk Prosesinin bağlanması Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur. Bu tarixi qərar həm də dövlət başçımızın qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqların dünya miqyasında təsdiqidir.

Qeyd edək ki, 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmış Minsk qrupu uzun illər ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün beynəlxalq mandata malik olsa da, onun fəaliyyəti real nəticə verməmiş, proses isə faydasız görüşlər və formal bəyanatlarla məhdudlaşmışdı. Belə ki, həmsədrlər münaqişəni həll etmək əvəzinə dondurulmuş vəziyyətdə saxlanmasına xidmət edir, Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışırdılar. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi uğurla və 2023-cü ilin sentyabrında həyata keçirdiyi birgünlük antiterror əməliyyatı ilə suverenliyinə nail oldu. Yəni Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoydu. Bu proseslərdə Minsk qrupunun mandatı faktiki olaraq əhəmiyyət kəsb etməmiş və o qurum iflic vəziyyətinə düşmüşdü. Odur ki, Azərbaycan dəfələrlə bu mexanizmin yararsız olduğunu və artıq fəaliyyətinə ehtiyac duyulmadığını dəfələrlə bəyan etmişdi. Amma Ermənistan və onun havadarları, xüsusilə Fransa Minsk qrupunu canlandırmaqda, onun fəaliyyətini davam etdirməsində təkid edirdilər. Hətta qarşı tərəf bildirirdi ki, belə bir müraciət yalnız sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ola bilər. Ölkəmiz isə məsələnin bu cür qoyuluşu ilə razı olmurdu. Bir sözlə, heç bir kənar təzyiqə və müdaxiləyə məhəl qoymayan, prinsipial mövqeyindən geri dönməyən dövlət başçımız müharibədə qalib gəldiyi kimi, artıq sülhü də qazanmış oldu. Bununla da xalqımızın iradəsini, dövlətimizin qətiyyətini bir daha nümayiş etdirdi.

Qvami Məhəbbətoğlu, “İki sahil”