Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2024/2025-ci tədris ilində Nizami rayon məktəbləri üzrə ən yüksək nəticələri göstərərək ali məktəblərə daxil olmuş gənclərin mükafatlandırılması tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Nizami rayon məktəblərinin şagirdlərindən 54 nəfəri ali məktəblərə qəbul imtahanlarında 650 baldan yüksək nəticələr göstəriblər. Eyni zamanda, cari ildə respublikada IV qrup üzrə 2 nəfər 700 bal toplayıb ki, onlardan biri də məhz Nizami rayonunu təmsil edir.
Tədbirdə çıxış edən məşhur “91”lərin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə tələbə adını qazanmış hər bir gənci təbrik edib, onlara təhsildə, elmi biliklərə yiyələnməkdə uğurlar arzulayıb: "Ulu Öndər Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün uğurla davam etdirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri müntəzəm diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə islahatların aparılması təhsilimizin uğurlu gələcəyinə inamı artırmaqla yanaşı, gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil respublikamızın layiqli vətəndaşları olmalarına şərait yaradır”.
Nizami Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Könül Həsənova bu il tələbə adını qazanan məzunları bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək, diqqətə çatdırıb ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə rayon ictimaiyyətinin görüşü gəncləri daha böyük uğurlar qazanmağa ruhlandırır.
Könül Həsənova ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Ali məktəblərdə gənclərə uğurlar arzulayıb, onların müstəqil Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər, savadlı gənclər olaraq, ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəklərinə əminliyini bildirib.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva bu il tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi, müstəqil Azərbaycana ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə edib. Bildirib ki, bu gün ölkəmizdə 600-dən yüksək bal toplayan gəclərin ölması qürurvericidir:”Ümummilli Lider Heydər Əliyev təhsili millətin gələcəyi adlandırır, gənclərin müasir biliklərə yiyələnməsinə, müstəqil Azərbaycanın sabahkı qurucularının yetişdirilməsinə misilsiz qayğı göstərirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, ölkəmizdə bu sahədə ən yeni, müasir layihələr həyata keçir.”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi Gülnar Qədirova tələbə adını qazanan məzunları bu böyük uğur münasibətilə təbrik edərək vurğulayıb ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. Bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Məktəblilər milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi formalaşırlar. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır”.
Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov tələbə adını qazanmış abituriyentləri təbrik edib və diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət və qayğı göstərmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin qoyduğu ənənəyə sadiq qalmaqla, onun tərəfindən əsası qoyulmuş siyasəti davam və inkişaf etdirmişdir. Nəticədə təhsilin inkişafı ilə əlaqədar mühüm layihələr icra olunmuş, təhsil sahəsində islahatlar həyata keçirilməklə, bu sahə daim diqqətdə saxlanılmışdır.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara xoş arzularını çatdıraraq gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, yüksək nəticə göstərən abituriyentlər gənc nəslin elmə, təhsilə olan marağının və zəhmətinin bariz nümunəsidir. əldə olunan bu uğurlar həm ailələrin, həm müəllimlərin, həm də ümumilikdə rayon ictimaiyyətinin böyük qürur mənbəyidir. Eyni zamanda qeyd edib ki, tələbə adını qazanan hər bir gənc qarşıdakı illərdə ölkəmizin inkişafında fəal iştirak etməli, bilik və bacarıqları ilə Vətənə xidmət göstərməlidir. Bugünkü nailiyyətlər onların gələcək uğurları üçün möhkəm təməl hesab olunur.
Görüşdə iştirak edən tələbələr, onların valideynləri də öz növbəsində Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, partiya rəhbərliyinə təşəkkür ediblər. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonra yüksək bal toplayan tələbələrə və onların təmsil olunduğu məktəblərin rəhbərlərinə hədiyyələr təqdim edilib, yubileyi olan ərazi partiya təşkilatı fəalları təltif olunublar.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Yaqut Ağaşahqızı, “İki sahil”