04 sentyabr 2025 10:59
328

Zəngəzur dəhlizinə istiqamətlənmiş mühüm layihə - Qars–İğdır–Aralıq–Dilucu dəmiryol xətti

Xəbər verildiyi kimi, ötən ayın sonlarında Türkiyənin Qars–İğdır–Aralıq–Dilucu dəmiryol xəttinin Naxçıvan Muxtar Respublikası sərhədinə qədər uzanan birinci hissəsinin təməlqoyma mərasimi keçirilib. Tikintisi 5 il müddətinə nəzərdə tutulan infrastrukturun texniki layihəsinə əsasən, ikixətli yol tam elektrikləşdiriləcək, qatarlar uzunluğu 224 kilometr olan xəttin əsas hissələrində saatda 160 kilometrə qədər sürətlə hərəkət edəcək. Layihənin həyata keçirilməsi üçün 10 körpü konstruksiyası, o cümlədən ümumi uzunluğu 2,8 kilometr olan 3 tağvari viyadük, eləcə də ümumi uzunluğu 11,3 kilometr olan 5 tunel tikiləcək. Türkiyə hissəsində 5 stansiyanın – Digör, Tuzluca, İğdır, Aralıq və Dilucunun tikintisi də həyata keçiriləcək. Marşrut 2030-cu ilə qədər tam istifadəyə veriləcək.

Türkiyə-Azərbaycan, həmçinin region və qitələrarası əlaqə baxımından çox önəmli layihə

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı “İki sahil”ə bildirib ki, Qars-İğdır-Dilucu dəmir yolunun təməlinin qoyulması həm Azərbaycan-Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə, həmçinin də Zəngəzur dəhlizinə (Tramp yolu) istiqamətlənmiş mühüm layihələrdəndir: “224 km-lik dəmir yolunun sıfırdan qurulması, elektriklənmiş  və 2 xətli layihənin icrası ilə bağlı verilmiş qərar, bu istiqamətdə  real işlərin görülməsi bu layihənin nə dərəcədə önəmli olduğunu göstərir. Həm Türkiyə, həm Azərbaycan üçün, həm də region və qitələrarası əlaqə baxımından çox önəmli bir layihədir.”

Ekspert məlumat verib ki, ilkin dəyərləndirmələrə görə, layihə illik 5,5 milyon sərnişin, 15 milyon ton yükü ötürmək gücünə sahib olacaq: “Bundan öncə keçən ilin sonu Türkiyədə elan edilmişdi ki, Divrinq-Qars, yəni Şərqi Anadoluda, Türkiyənin Şərqi ilə Qərbini əlaqələndirən mövcud dəmir yolunun Gürcüstan sərhədinə qədər 2-ci xəttin tikilməsi və elektriklənməsi qərarı verilib. Qeyd olunan Qars-İğdır-Dilucu dəmir yoluna bu layihənin məntiqi ardıcıllığı kimi baxa bilərik. Burada, həmçinin gələcəyə istiqamətlənmiş işlər görülməkdədir. Azərbaycan ərazisində bu işlər son 5 ildə daha aktiv sürətdə icra olunur. Horadiz-Ağbənd layihəsi demək olar ki, tamamlanma mərhələsindədir. Gələn il istifadəyə verilməsi gözlənilir. Naxçıvan ərazisində olan dəmir yolunun təkmilləşdirilməsi, elektriklənməsi, 2-ci xəttin tikilməsi və müəyyən sahələrdə yeni xətlərin tikilməsi, Ordubad-Salmanməlik stansiyaları arasında, həmçinin Dilucu-Vəlidağ sahələri yeni tikiləcək sahələrdir. Göründüyü kimi, bölgədə aktiv tikinti bumu baş verir. Bu da həm iki tərəfli, həm çox tərəfli və qitələrarası bağlantı nöqteyi-nəzərindən çox vacib layihələrdir.”

Zəngəzur dəhlizinin tam reallaşması region ölkələrinin iqtisadi əlaqələrini möhkəmləndirəcək

Rauf Ağamirzəyev vurğulayıb ki, burada ilkin olaraq avtomobil yolları, dəmir yolları, internet, enerji kabellərinin və enerji daşıyan boru kəmərlərinin də çəkilməsi nəzərdə tutulub: “Yekunda region sülh və əməkdaşlıq üçün daha əlverişli, daha cəlbedici olacaq. Azərbaycan tərəfindən baxanda bizim mövcud marşrutlarımız var və bu layihələr şaxələndirmə yönündə verilmiş doğru qərardır. Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların artması Azərbaycanın tranzit potensialının yüksələn reallığını göstərir. Azərbaycan bu marşrutun etibarlı və dayanıqlı hissəsinə çevrilib. Bu, ölkəmizə həm iqtisadi dividendlər qazandırır, həm də beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir.”

Ekspert əlavə edib ki, ŞƏT platforması qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı gücləndirən bir mühitdir: “Tiencin Sammitində Azərbaycan Prezidentinin çıxışı regional əməkdaşlığın yeni mərhələsinə təkan verəcək. Azərbaycanın strateji coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturuna qoyduğu sərmayələr ölkəmizi beynəlxalq daşımaların aparıcı iştirakçısına çevirir. Yaxın perspektivdə Zəngəzur dəhlizinin tam reallaşması həm region ölkələrinin iqtisadi əlaqələrini möhkəmləndirəcək, həm də Avrasiya məkanında inteqrasiyanın dərinləşməsinə xidmət edəcək.”

Regionda nəqliyyat, ticarət və iqtisadiyyat üçün yeni dövrün başlanğıcı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “İki sahil”ə bildirib ki, təməli qoyulan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu isə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji bir qazancdır: “Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixdə qalacaq.  Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd  dəmir yolu tikintisinin, 67 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün, Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhəddində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi tikəcəkdir. Burada 150 km öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaqdır, 20 km dəmir yolu isə sıfırdan salınacaqdır. 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı məsələlər də aydınlaşmaq üzrədir və bütün hallarda qeyd edilən dəmir yolu tikintisi işlərinin eyni vaxtda tamamlanması planlaşdırılır. Bundan başqa, dəhliz uzun müddətdir blokada şəraitində olan Naxçıvan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradacaq.”

A.Əsədov qeyd edib ki, Qars-İğdır-Aralıq-Dilucu yolu bütün Türk dünyasını birləşdirən strateji bir layihənin mühüm tamamlayıcı hissəsidir: “Hansı ki, bu yol Azərbaycana, Türkiyəyə, region dövlətlərinə və Qərb ölkələrinə uzunmüddətli dividendlər vəd edir. Başqa sözlə, Qars-İğdır-Aralıq-Dilucu xətti təkcə Azərbaycanı dünya ilə qovuşdurmur, həm də keçdiyi ölkələrin regional əhəmiyyətini artırır, qlobal inteqrasiya proseslərini sürətləndirir. Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsi regionda nəqliyyat, ticarət və iqtisadiyyat üçün yeni bir dövrün başlanğıcı kimi qəbul edilə bilər. Qlobal və regional inkişafa xidmət edəcək bu layihə təkcə bölgənin, regionun deyil, ümumilikdə qitələrarası münasibətlərin inkişafında mühüm rol oynayacaq.”

Orxan Vahidoğlu, “İki sahil”