05 sentyabr 2025 22:58
161

Səhnəyə həsr olunan şərəfli ömür - FOTOLAR

Ziyalılıq, sənətkarlıq və cəmiyyətə xidmət kimi ali dəyərləri öz ömür yoluna çevirmiş insanlar vardır ki, onların həyatı bir məktəb, fəaliyyəti isə nümunədir. Belə şəxsiyyətlərdən biri də Azərbaycan teatr sənətinin tanınmış simalarından olan İftixar Piriyevdir. Bu gün İftixar müəllim 65 illik ömür yoluna nəzər salır. Yarım əsrdən artıq bir zaman kəsiyində onun keçdiyi sənət yolu, rəhbərlik etdiyi kollektivlər, səhnəyə verdiyi töhfələr həm sənətsevərlərə, həm də gənc nəslə nümunədir. 65 yaşı tamam olan İftixar Piriyevlə bu müsahibədə sənətkarın zəngin yaradıcılıq yoluna, eyni zamanda, həyat fəlsəfəsinə işıq salmağa çalışdıq.

-İftixar müəllim, 65 illik zəngin ömür və yaradıcılıq yolunu geriyə dönüb nəzərdən keçirərkən, sizi ən çox qürurlandıran hansı uğurlar və dəyərlərdir? Həyatınızda və sənət fəaliyyətinizdə hansı anlar və nailiyyətlər sizin üçün xüsusi əhəmiyyət kəsb edir?

-65 illik ömür yoluma dönüb baxanda məni ən çox qürurlandıran odur ki, bu illəri mən sənətə, teatra, insanlara xidmətə həsr etmişəm. Gənc yaşlarımdan səhnəyə bağlanmışam, bu bağ bu gün də qopmayıb. Həyatım boyu vicdanla, məsuliyyətlə çalışmışam ki, həm tamaşaçının, həm də sənət dostlarımın etimadını doğruldum. Səhnədə qazandığım hər bir uğur, rəhbəri olduğum kollektivlərin əldə etdiyi nailiyyətlər mənim üçün qürur mənbəyidir. Ən böyük sevincim isə odur ki, yetişdirdiyimiz gənclər bu gün də sənətə sədaqətlə xidmət edir və teatrımızın gələcəyinə inam bəxş edirlər. Düzünü desəm, bu yaş həm bir hesabat dövrüdür, həm də yeni başlanğıcların təməlidir. 65 il az müddət deyil, keçilən yol, çəkilən zəhmət, görülən işlər insanı düşündürür, geriyə baxıb nəticə çıxarmağa vadar edir. Amma mən bu yaşı təkcə keçmişin hesabatı kimi yox, həm də gələcəyə inamla baxmaq kimi dəyərləndirirəm.

Bəli, bu gün geriyə dönüb baxanda görürəm ki, zaman necə də sürətlə keçib. Mən  sənətə və səhnəyə könül verən bir ömür yaşamışam. 1960-cı ildə Gürcüstanın Qaraçöp mahalında dünyaya gəlmişəm. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil oldum. Ali təhsilimi başa vurduqdan sonra yolum Akademik Milli Dram Teatrına düşdü. Bu teatr mənim sənət məktəbim oldu. Edqar, Əlibəy, Niftalı, Vəliqulu, Bayandur kimi fərqli obrazlarda çıxış edərək səhnədə püxtələşdim. Eyni zamanda, kinoda və televiziya tamaşalarında da bir çox rollar ifa etdim. “Ozan” folklor toplusunda aparıcı oldum, ədəbi-bədii verilişlərdə çıxış etdim. 1998-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin qərarı ilə iki il müddətinə Gürcüstan Respublikasına ezam olundum. Məqsəd Tbilisi Azərbaycan Dövlət Dram Teatrının bərpası idi. Bu teatr bizim mədəniyyət tariximiz üçün xüsusi əhəmiyyət daşıyırdı. Gürcüstan Mədəniyyət Nazirliyinin əmri ilə teatrın bərpası üzrə rəhbər təyin olundum və həmin illərdə bu məsuliyyətli işi sevə-sevə, böyük bir məsuliyyətlə yerinə yetirdim. Bu dövr də mənim sənət yolumda çox dəyərli və unudulmaz mərhələlərdən biri oldu.1990-cı ildə isə Azərbaycan Milli “Dastan” Teatrını yaratdım və onun direktoru və bədii rəhbəri kimi çalışdım. Hazırda isə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoruyam. Bütün bu illər boyu məqsədim Azərbaycan teatrına, mədəniyyətinə xidmət etmək olub. Hesab edirəm ki, hələ həyata, sənətə verəcəyim çox şey var. Hər yaşın öz gözəlliyi olur. Bu yaşda insan daha təmkinli olur, daha müdrik qərarlar verir. Bu da gələcək planların daha sağlam əsaslarla qurulmasına imkan yaradır.

- İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru olaraq bu sənət ocağının inkişafı və milli irsimizin yaşadılması istiqamətində hansı əsas prioritetlər üzərində çalışırsınız?

- Bu teatr yalnız bir səhnə deyil, həm də bir yaddaş, tarix, milli kimliyimizin simvoludur. Mənim üçün İrəvan teatrı təkcə rəhbərlik etdiyim bir qurum yox, həm də taleyimin bir parçasıdır. O çətin illərdə  çox çətin məskunlaşma şərtləri altında belə, kollektiv ruhunu itirmədi. Səhnəmiz istilik sistemi belə olmayan, şəraitsiz otaqlarda qurulurdu. Amma biz bu şəraitdə belə, mədəniyyətə, sənətə xidmət etməyə davam etdik.  2000-ci ildən etibarən, teatrda yeni mərhələyə keçid baş verdi. Tarixi missiyasını davam etdirmək üçün, teatrın yaradıcılıq xəttini yenidən bərpa etdik. Bu prosesdə görkəmli teatr xadimlərini kollektivə cəlb etdim, yeni nəsil aktyorlarla birlikdə klassik və müasir mövzularda müxtəlif səpkili tamaşalar hazırladıq. Bu teatr mənim üçün yalnız bir sənət evi deyil, həm də milli-mənəvi irsimizin qorunduğu bir qaladır.

-İrəvan Dövlət Azərbaycan Dram Teatrının məskunlaşdığı məkanın çətinlikləri fonunda siz yaradıcı fəaliyyəti necə davam etdirə bildiniz və bu əzm teatrın 125 illik yubileyinə necə yol açdı?

-Doğrusu, şərait çox ağır idi. Teatrın yerləşdiyi məkan nə texniki, nə də məişət baxımından qənaətbəxş deyildi. Amma biz bu çətinlikləri bəhanə etmədik. Dinamik və prinsipial fəaliyyət yolunu seçdik, keyfiyyətli tamaşalar ərsəyə gətirdik. Qastrol səfərlərində, xüsusilə də respublika miqyasında göstərdiyimiz səhnə əsərləri ilə sübut etdik ki, bu sənət ocağı yaşayır və yaşamaqla kifayətlənməyib, sənət baxımından sözünü deyir. Nəticədə, Prezidentin Sərəncamı ilə 2007-ci ildə teatrımızın 125 illik yubileyinin yüksək səviyyədə qeyd olunması bizim əzmimizin, fədakarlığımızın və sənətə sədaqətimizin bəhrəsi oldu. Bu, həm kollektivimiz üçün böyük qürur idi, həm də dövlətin bu sahəyə verdiyi önəmin təzahürü idi.

-İftixar müəllim, rəhbərlik etdiyiniz İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarında Ulu Öndər Heydər Əliyev obrazı xüsusi yer tutur. Bu obrazın yaradılmasının  sizin sənət yolunuzda hansı mənəvi məsuliyyət  yükü var?

-Bu bir amal, bir vəfa borcudur. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətçiliyimizin xilaskarı və memarıdır. Onun həyat və fəaliyyət yolunun, xalqımıza bəxş etdiyi qurtuluşun bədii obraz kimi səhnədə yaşadılması mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. İlk dəfə 2009-cu ildə “Xilaskar” tamaşasında Ulu Öndərin bədii obrazını yaratdım. O gündən bu günə qədər də “Qurtuluş dastanı”, “Qurtuluş”, “İşıqlı, nurlu sabah”, “Qalx ayağa, Azərbaycan!”, Hidayətin “Burdan min atlı keçdi” kimi tamaşalarda bu obrazı səhnəyə daşımaq mənim yaradıcılıq taleyimin bir hissəsinə çevrilib. Tamaşaçının hər dəfə bu obrazı ayaqüstə alqışlaması onu göstərir ki, Ümummilli Lider Heydər Əliyev yalnız siyasətdə deyil, həm də milli mədəniyyətimizin bədii yaddaşında əbədi yaşayır.

-Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələriniz çox zəngindir. Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ilə bağlı yaşadığınız xüsusi məqamdan "Pələng dərisi geymiş pəhləvan" əsərindən səsləndirdiyiniz bəndlərin doğurduğu təəssüratdan danışa bilərsinizmi?

-Bəli, bu mənim həyatımda və yaradıcılıq yolumda unudulmaz bir hadisədir. Eduard Şevardnadze 2000-ci ilin payızında Ulu Öndər Heydər Əliyevin dəvəti ilə Bakıya gəlmişdi. Ümummilli Lider onun şərəfinə qapalı bir ziyafət təşkil etdirmişdi. Həmin dövrdə mən Tibilisi teatrında işimi başa vurmuş, yenicə İrəvan Teatrına direktor təyin olunmuşdum. Əvvəlcədən planlaşdırılmış ziyafətdə gözlənilmədən dəyişiklik edildi. Polad Bülbüloğlunun yadına düşür ki, Tibilisidən  dönərkən onunla görüşümüz zamanı demişdim: “Tibilisidə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini gürcü dilində mənimsəmişəm. Bu faktı dərhal Ulu Öndər Heydər Əliyevə çatdırır və O da Eduard Şevardnadze üçün xoş sürpriz olması məqsədilə həmin məclisdə çıxış etməyimi tapşırır. Ziyafətdə hər iki dildə səsləndirdiyim şeirdən parçalar Eduard Şevardnadzeni sözün əsl mənasında heyrətə gətirdi. Hələ də gözlərim önündən getmir. Dostluğa həsr olunmuş gürcü dilində ilk bəndi söylədiyim anda Şevardnadze ağzına apardığı tikəni havada saxladı. Gözlənilməzlik onu dərin təsirləndirmişdi. Ulu Öndər isə bu mənzərəni böyük zövqlə izləyir, dostunun sevincinə sevinirdi. Ziyafətin sonunda bədii hissənin nümayəndələri ilə görüş zamanı Eduard Şevardnadzenin əlini sinəmə vuraraq gürcü dilində “didi madloba”-“çox sağ ol” deməsi isə Ümummilli Liderimizin təbəssümündə və baxışlarında əks olunan razılıq hisslərinin təcəssümü idi. Bir xoş xatirəni də bölüşmək istərdim. 2009-cu il idi. Ulu Öndərimiz artıq əbədiyyətə qovuşmuşdu, Eduard Şevardnadze isə Gürcüstanda baş vermiş "məxməri inqilab"dan sonra iqamətgahında yaşayırdı. Həmin il İrəvan Teatrının kollektivi ilə yazıçı-dramaturq Aqşin Babayevin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Xilaskar” tamaşasını Tibilisidə Şota Rustaveli adına Akademik Dram Teatrının səhnəsində oynayırdıq. Eduard Şevardnadzeni də xüsusi olaraq tamaşaya dəvət etmişdim. Tamaşadan sonra səhnə arxasına keçdi, kollektivimizlə görüşdü və təəssüratlarını bizimlə bölüşdü. Çox səmimi idi. Dedi: “Çox yaxşı etmisiniz ki, Azərbaycan xalqının böyük oğlu, mənim əziz dostum Heydər Əliyev haqqında tamaşa hazırlamısınız. O, təkcə Azərbaycanın yox, ümumqafqazın lideridir. Mən tamaşanı diqqətlə izlədim, dilinizi bilməsəm də, hər şey mənə tam aydın oldu. Siz Heydər Əliyevi elə məharətlə canlandırdınız ki, sanki əziz dostumla yenidən görüşdüm. Yerişiniz, duruşunuz, mimikanız, jestləriniz və xüsusən də səsiniz - hər şey onun özü kimi idi. Kövrəldim…”

Təəssüratının sonunda bizi evinə dəvət etdi və dedi: “Vaxt tapın, görüşək. Mən də sizə Heydər Əliyevlə bağlı xatirələrimi danışım”. Bu görüş də baş tutdu və biz unudulmaz xatirələrə şahidlik etdik. Eduard Şevardnadzenin “Heydər Əliyev ümumqafqazın lideridir” sözlərini eşidəndə isə gözlərimin önünə 2000-ci ilin martında Tiflisdə Ulu Öndərin etdiyi tarixi çıxış gəldi. O çıxışda Heydər Əliyev Qafqaz xalqları üçün sülh, təhlükəsizlik və inkişafın vacibliyindən danışaraq, Bakı-Tibilisi-Ceyhan layihəsinin bölgə üçün necə mühüm perspektivlər vəd etdiyini bütün dünyaya bəyan etmişdi. Bu, bir lider uzaqgörənliyinin, bölgənin gələcəyinə olan böyük inamının nümunəsi idi.

-İftixar müəllim, İrəvan Teatrı təkcə bir sənət məkanı deyil, həm də tarixi yaddaşımızın, milli kimliyimizin yaşadıldığı bir mərkəzdir. Qərbi Azərbaycana, xüsusilə də İrəvana qayıdış ideyası bu teatrın ruhunda və fəaliyyətində necə təzahür edir?

-Bəli, siz çox doğru qeyd etdiniz. İrəvan teatrı bu gün sadəcə tamaşa göstərən  bir mədəniyyət müəssisəsi deyil, bütöv bir xalqın, bir millətin tarixini, yaddaşını, ağrı-acısını və eyni zamanda ümidini, qürurunu yaşadan, gələcəyə daşıyan bir sənət ocağıdır. Bizim üçün Qərbi Azərbaycan anlayışı təkcə coğrafi bölgə deyil. O, mənəviyyat, kimlik və ruhun təzahürüdür. İrəvan Teatrının varlığı və yaradıcılığı bu tarixi ədalətin bərpası missiyasına xidmət edir.  Prezident İlham Əliyevin irəli sürdüyü “Qayıdış Konsepsiyası” bizim üçün bir vəzifə, bir yol xəritəsidir. Teatrımız hazırda Bakıda fəaliyyət göstərsə də, mənəvi olaraq biz hər zaman İrəvandayıq, Dərələyəzdəyik, Göyçədəyik... Oradakı tamaşaçılarımızı, doğma səhnəmizi gözləyirik. Hazırladığımız hər bir tamaşa, söylədiyimiz hər bir söz bu qayıdışın çağırışı və təbliğatıdır. Mən inanıram ki, o gün uzaqda deyil. İrəvan Teatrı öz doğma yurduna qayıdacaq.

-İftixar müəllim, siz artıq 65 illik zəngin bir həyat və yaradıcılıq yolu keçmisiniz. Qarşıdakı illər üçün özünüzə hansı hədəfləri və məqsədləri müəyyən etmisiniz? Gələcək planlarınız nədən ibarətdir?

-Həyatım boyu çalışmışam ki, dayanmadan öyrənim, axtarım, yaradım və bu sənətə, mədəniyyətimizə daim töhfə verim. Bu gün 65 yaşa çatsam da, daxilən hələ yolun yarısındayam kimi hiss edirəm. Qarşıdakı illər üçün əsas hədəfim İrəvan Teatrının tarixi missiyasını daha da genişləndirmək, Qərbi Azərbaycan həqiqətlərini sənət dili ilə dünya ictimaiyyətinə çatdırmaqdır. Bundan əlavə, uzun illərin təcrübəsini, şahidi olduğum tarixi hadisələri və teatr proseslərini bir neçə kitab şəklində qələmə almaq istəyirəm. Arzum budur ki, bu sənət məbədgahı- İrəvan Teatrı bir gün doğma yurduna, İrəvana qayıtsın və orada Azərbaycan mədəniyyətinin yenidən dirçəlişinə xidmət etsin. Mən də bu müqəddəs yolun bir əsgəri kimi sonadək fəaliyyətimi davam etdirəcəyəm. Ən böyük hədəfim budur: sənət vasitəsilə tariximizi yaşatmaq və gələcəyə daşımaq.

-İftixar müəllim, sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik! Mənalı ömür yolunuz, milli mədəniyyətə göstərdiyiniz xidmətlər, sənətə bəxş etdiyiniz dəyərli töhfələr cəmiyyətimiz üçün dəyərli bir irsdir.

İftixar Piriyevin 65 illik sənət yolu milli mədəniyyətimizin keşiyində dayanan fədakar bir ömrün bənzərsiz salnaməsidir. O, təkcə səhnə adamı deyil, həm də ideya daşıyıcısı, milli yaddaşın qoruyucusu, Qərbi Azərbaycanın simvolik səsi, İrəvan Teatrının ruhudur. Onun fəaliyyəti bir daha sübut edir ki, sənət yalnız səhnədə deyil, həm də tarixə, kimliyə və torpağa sədaqətdə yaşamalıdır. Bu sədaqət isə İftixar müəllimin timsalında - ömrünün sonuna qədər daşıyacağı müqəddəs bir missiyadır.

Şəmsiyyə Əliqızı, “İki sahil”