12 sentyabr 2025 15:42
112

Avrokomissiya Ukraynaya 40 milyon avro humanitar yardım ayırır

Avropa Komissiyası (AK) Rusiyanın apardığı müharibədən əziyyət çəkən ukraynalılara kömək üçün əlavə 40 milyon avro humanitar yardım ayırır.

“İki sahil” xəbər verir ki, bu barədə AK-nın rəsmi səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, bu yeni dəstək Ukraynanın qışa hazırlığını gücləndirəcək və mülki əhalini sərt soyuqlardan qoruyacaq.

Məlumata görə, Avropa İttifaqının humanitar yardım üzrə tərəfdaşları Ukraynaya sığınacaq materialları çatdıracaq, zədələnmiş evləri və məcburi köçkünlər üçün mərkəzləri bərpa edəcək, su, sanitariya və istilik imkanlarına çıxışı yaxşılaşdıracaq. Bu maliyyə yardımı çərçivəsində həmçinin nağd yardım, bərk yanacaq, istilik cihazları və izolyasiya vasitələri, eləcə də istilik məntəqələri təmin ediləcək. Yaşlılara, uşaqlara, əlilliyi olan şəxslərə və kollektiv yerlərdə yaşayan köçkün ailələrə xüsusi diqqət göstəriləcək.

Qeyd edək ki, Ukraynaya Aİ Mülki Müdafiə Mexanizmi vasitəsilə 156 min tondan çox yardım ləvazimatı çatdırılıb. Ukraynanın enerji infrastrukturuna dəymiş genişmiqyaslı ziyan qarşısında bu dəstəyə 9 min 342 elektrik generatoru, 6 min 917 transformator və milyonlarla enerjiyə qənaət edən LED lampalar daxildir. Paralel olaraq Aİ və üzv dövlətlər Ukrayna və qonşu ölkələrə 4,2 milyard avrodan çox humanitar yardım səfərbər edib. Aİ həmçinin Ukraynadan 4 min 500-dən çox pasiyentin müalicə üçün 22 Avropa ölkəsindəki xəstəxanalara tibbi evakuasiyasını uğurla əlaqələndirib.