12 sentyabr 2025 20:56
111

Sikorski: PUA insidenti Rusiya ilə diplomatik münasibətləri kəsmək üçün səbəb deyil

Polşa Rusiya PUA-larının ölkənin hava məkanını pozmasına baxmayaraq, Rusiya ilə diplomatik münasibətləri kəsmək üçün heç bir səbəb görmür.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Kiyevdə jurnalistlərə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Diplomatiyada rabitə kanalları təkcə dostlarla deyil, həm də rəqiblərlə saxlanılır. Ona görə də hələlik diplomatik münasibətləri kəsmək üçün heç bir səbəb görmürəm", - o ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərb bölgələrinə genişmiqyaslı hücumu zamanı onlarla pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Polşa hərbçiləri təhlükə yaradan cihazların vurulduğunu, onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildiriblər. Baş nazir Donald Tusk fövqəladə toplantı çağıraraq NATO tərəfdaşları ilə koordinasiya halında addımlar atılacağını vurğulayıb, müttəfiqləri insidentlə bağlı məlumatlandırıb.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində insidentlə bağlı hər hansı əlaqəni inkar edir.