14 sentyabr 2025 16:16
149

ABF rəsmisi: Türkiyə millisi Avropa çempionatında kuboka iddialıdır

Cütün favoriti Almaniya millisi olsa da, Türkiyə də çempionluğa yaxındır. Məncə Ergin Ataman kuboku ölkəsinə gətirəcək.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat katibi Sənan Əliyev bu gün kişi basketbolçular arasında Avropa çempionatının finalında qarşılaşacaq Türkiyə və Almaniya milli komandalarının şanslarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə yığmasının baş məşqçisi Ergin Ataman kifayət qədər iddialı mütəxəssisdir: "O, hələ yarışdan əvvəl medal qazanacaqlarını bəyan etmişdi. Üç dəfə Avroliqa çempionu olan təcrübəli çalışdırıcı hazırda komandasına ən azı gümüş medalı təmin edib. O, Avropanın son illərdə yetişdirdiyi ən nüfuzlu məşqçilərdən sayılır. Amma eyni zamanda şanslı insan olduğunu deməliyik. Çalışdığı bütün klublarda nəticə əldə edib. İndi isə finalda rəqib Almaniyadır. Almaniya millisi, fikrimcə, Türkiyənin yarımfinalda asanlıqla məğlub etdiyi Yunanıstandan daha güclü və balanslı heyətə malikdir. Ehtiyat oyunçuları belə yüksək səviyyədədir. Komandada NBA-da çıxış edən bir çox basketbolçu var. Bu səbəbdən Almaniya favorit göstərilir. Lakin final matçı ilə bağlı qəti fikir söyləmək çətindir”.

ABF rəsmisi qeyd edib ki, kağız üzərində Almaniya üstün görünsə də, Türkiyə də titula iddialıdır: “Düşünürəm ki, Ergin Ataman komandasını çempion edə bilər. Favorit sayılmasalar da, bəxt amili onların xeyrinə işləyə bilər. Almaniyada oyunçular çox güclüdür, amma məşqçi korpusu o qədər də iddialı deyil. Bu məqam da həlledici ola bilər”.

Qeyd edək ki, Litvanın paytaxtı Riqa şəhərindəki “Ksiomi Arena"da keçiriləcək final görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.