19 sentyabr 2025 22:57
107

Uşaqlara qarşı zorakılıq: Bu sosial problemi necə həll etmək olar?

Psixoloq xəbərdarlıq edir: Belə acı təcrübəyə məruz qalan uşaq böyüyəndə eyni davranış modelini təkrarlaya və bunu “normal” tərbiyə üsulu kimi qəbul edə bilər. Bu, görünməyən bir zəncirin başlanğıcıdır

Uşaqlara qarşı fiziki və emosional zorakılıq yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin problemidir. Təəssüf ki, hələ də “uşağı döyməsən adam olmaz” kimi yanlış stereotiplər bəzi valideynlərin davranışında özünü göstərir. Halbuki zorakılıq nə tərbiyə üsulu, nə də sevginin ifadəsidir. Əksinə, uşağın psixoloji sağlamlığında dərin izlər buraxan, gələcək həyatına təsir edən ciddi bir travmadır.

Psixologiya üzrə fəlsəfə doktoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Təranə Paşayeva ilə valideynlərin uşaqlara qarşı şiddət göstərməsinin əsas səbəbləri, zorakılığın uşaqların psixoloji inkişafına təsirləri, həmçinin bu halların qarşısını almağın praktik yolları barədə söhbət etdik.

-Valideynlərin uşaqlara qarşı fiziki və emosional şiddət göstərməsinin əsas səbəbləri nələrdir?

-Təəssüf ki, valideynlərin uşaqlara qarşı şiddət göstərməsinin bir neçə əsas səbəbi var. Birincisi, sosial-iqtisadi problemlər – işsizlik, maddi sıxıntı, ailədaxili stress valideynlərin emosiyalarını idarə edə bilməməsinə gətirib çıxara bilir. İkincisi, bu məsələdə psixoloji problemləri olan valideynlərin özlərinin uşaqlıqda travma yaşaması, öyrəndikləri yanlış tərbiyə üsullarını davam etdirmələri mühüm rol oynayır. Üçüncü səbəb isə maarifləndirmə çatışmazlığıdır. Yəni, bir çox valideynlər uşağın davranışını düzgün idarə etməyin, münaqişəni konstruktiv həll etməyin yollarını bilmir və ən asan, amma yanlış üsul kimi zorakılığa əl atır. Bütün bunlara əlavə olaraq, cəmiyyətin bəzi stereotipləri  “uşağı döyməsən adam olmaz” kimi düşüncələr də valideynlərin bu davranışını normallaşdırır.

Digər səbəb isə valideynlərin özlərinin arasında münasibətdə problemlər olduqda, ailədaxili münaqişələr, boşanma prosesi və ya qarşılıqlı anlaşmazlıqlar uşağın üzərinə yansıyır. Belə hallarda valideynlər uşağa qarşı ya həddindən artıq sərt, ya da tam laqeyd davranır. Nəticədə uşaqda qarışıqlıq yaranır: bir tərəfdən valideynin sevgisinə ehtiyac duyur, digər tərəfdən isə həmin sevgini qorxu və zorakılıqla qarışıq şəkildə qəbul edir. Bu da psixoloji baxımdan çox zərərli bir təsirdir.

-Zorakılıq hallarını uşaqlar necə qəbul edir?

-Uşaqlar zorakılıqla qarşılaşdıqda onu çox fərqli şəkildə qəbul edirlər. Əvvəlcə onlar bunu sevilməmək və dəyərsiz olmaq kimi şərh edirlər. Yəni, uşaq düşünür ki, “məni döyürlərsə, deməli günahkaram, yaxşı deyiləm.” Bu isə onun özünə münasibətini zədələyir. Bəzi uşaqlar zorakılığı qorxu və itaətlə qarşılayır, yəni böyüklərin dediyini şübhəsiz yerinə yetirir, amma içində daimi gərginlik daşıyır. Digərləri isə əksinə, aqressiya və üsyanla cavab verir, bu da həm məktəbdə, həm də gələcəkdə sosial münasibətlərdə problemlərə gətirib çıxarır.

-Şiddətə məruz qalan uşaqların emosional və davranış göstəricilərində hansı dəyişikliklər müşahidə olunur?

-Şiddətə məruz qalan uşaqlarda həm emosional, həm də davranış səviyyəsində ciddi dəyişikliklər görünür. Ən çox rast gəlinən emosional dəyişikliklər qorxu, təşviş, davamlı gərginlik, özünə inamsızlıq və depressiv əhvaldır. Belə uşaqlar tez-tez özünü günahlandırır və “mən yaxşı uşaq deyiləm” düşüncəsi ilə yaşayırlar. Davranış göstəricilərində isə fərqlər ola bilər. Bəzi uşaqlar çəkinkən, təcrid olunmuş, ünsiyyətdən qaçan olurlar. Digər qrup uşaqlar isə tam əksinə, aqressiv, üsyankar və qaydaları pozan davranışlar nümayiş etdirirlər. Yəni, zorakılıq onları ya çox passivləşdirir, ya da həddindən artıq aqressiv edir. Daha uzunmüddətli dövrdə bu dəyişikliklər məktəb həyatında dərsə marağın azalması, diqqət problemləri, müəllim və həmyaşıdlarla münasibətlərdə çətinliklər, böyüklükdə isə emosional sabitlik və sağlam münasibətlər qurmaqda çətinliklər şəklində özünü göstərir.

Uzunmüddətli təsirlər də var: belə uşaqlarda gələcəkdə depressiya, narahatlıq pozuntuları, özgüvən problemi, hətta asılılıq meyilləri daha çox müşahidə olunur. Ən təhlükəlisi isə budur ki, zorakılığa məruz qalan uşaq böyüyəndə eyni davranış modelini təkrarlaya və zorakılığı “normal” tərbiyə üsulu kimi qəbul edə bilər. Zorakılıq uşağın sağlam psixoloji inkişafına mane olur və gələcəkdə onun həm ailə münasibətlərinə, həm də cəmiyyətlə inteqrasiyasına ciddi təsir göstərir. Yəni, fiziki zorakılıq sadəcə həmin anın problemi deyil, gələcək nəsillərə ötürülə biləcək sosial-psixoloji problemdir.

-Uşaqlarla müsbət və hörmətə əsaslanan ünsiyyət qurmaq üçün hansı üsullar effektivdir?

– Sağlam ünsiyyətin əsası uşağı dinləmək və anlamaqdır. Uşağın dediklərini diqqətlə, sözünü kəsmədən dinləmək və hisslərini ciddiyə almaq onun dəyərli olduğunu göstərir. Hissləri adlandırmaq və təsdiqləmək də mühümdür – məsələn, “Sənin inciyəcəyini başa düşürəm” demək uşağa həm başa düşüldüyünü, həm də duyğularının normal olduğunu anlatır. Müsbət dil və gücləndirmə isə uşağın özünə inamını artırır. Səhvlərə fokuslanmaq əvəzinə düzgün davranışlarını vurğulamaq və kiçik nailiyyətlərini dəyərləndirmək çox təsirlidir. Bununla yanaşı, sərhədləri hörmətlə izah etmək vacibdir: “Bunu etmə, çünki mən dedim” deməkdənsə, səbəbini açıqlamaq – “Oyuncaqları yığaq, çünki əks halda yıxılıb xəsarət ala bilərik” – daha faydalı nəticə verir.Ən önəmlisi isə valideynin öz davranışıdır. Uşaqlar eşitdiklərini deyil, gördüklərini təkrarlayır. Ona görə də hörmət və sevgi mühiti yaratmağın ən təsirli yolu valideynin nümunə olmasıdır.

Uşaqlarla ünsiyyətdə bəzi sadə, amma təsirli üsullar böyük fərq yaradır. Əvvəlcə aktiv dinləmə vacibdir – uşaq danışanda diqqətlə qulaq asmaq, dediyini təkrar etmək və hissini təsdiqləmək ona başa düşüldüyünü göstərir. Məsələn, “Sən indi incimisən, mən bunu görürəm” demək uşağa öz duyğularının dəyərli olduğunu hiss etdirir. Digər mühüm yanaşma “mən” mesajlarıdır. “Sən səhv etdin” kimi ifadələr uşağı müdafiə mövqeyinə salır. Əvəzində “Mən narahat oluram” demək həm münasibəti yumşaldır, həm də məsuliyyəti valideynin üzərinə gətirir. Qaydaları öyrətməyin ən təbii yollarından biri də oyun və hekayə üsuludur. Uşaq oyun və nağıl dili ilə öyrəndiyini daha yaxşı qavrayır, çünki bu zaman öyrənmə həm maraqlı, həm də yadda qalan olur. Bundan əlavə, müsbət gücləndirmə uşağın özünə inamını artırır. Yalnız səhvlərə diqqət çəkmək əvəzinə, doğru davranışları dərhal görüb təşviq etmək – kiçik bir təşəkkür, qucaq və ya alqış belə böyük motivasiya yaradır. Nəhayət, ən sadə, amma ən təsirli üsul – birgə vaxt keçirməkdir. Uşağa xüsusi vaxt ayırmaq, onunla söhbət etmək, oyuna qoşulmaq uşağın həm güvənini, həm də sevgini hiss etməsini təmin edir.

-Şiddət göstərən valideynlərin davranışlarını dəyişməyə təşviq etmək üçün hansı psixoloji və sosial dəstək üsulları mövcuddur?

-Şiddət göstərən valideynlərin davranışını dəyişdirmək üçün ilk addım onların öz davranışlarının uşağa necə təsir etdiyini anlamalarını təmin etməkdir. Çox vaxt valideynlər bunun nəticələrinin nə qədər ciddi olduğunu dərk etmirlər. Maarifləndirici seminarlar, valideynlik təlimləri və psixoloqla fərdi söhbətlər bu baxımdan faydalıdır. İkincisi, psixoloji dəstək mühüm rol oynayır. Bu valideynlərin bir çoxu öz uşaqlığında zorakılıq görüb və həmin modeli təkrar edir. Onlarla psixoterapiya, ailə terapiyası və stressi idarəetmə texnikaları üzərində işləmək davranış dəyişikliklərinə kömək edə bilər. Üçüncüsü isə sosial dəstək mexanizmləridir. Valideynlər üçün dəstək qrupları, sosial xidmətlər, hüquqi və məişət problemlərinin həllində köməkçi qurumların iştirakı zorakılığın azalmasına şərait yaradır. Çünki bəzən zorakılığın kökündə sırf psixoloji deyil, sosial-iqtisadi sıxıntılar dayanır. Ən əsası isə belə valideynlərin dəyişməsinin mümkünlüyünə inandırmaqdır. Onlara alternativ tərbiyə üsullarını göstərmək, kiçik müsbət addımlarını gücləndirmək və dəstək olmaqla zorakılıq dövrünü qırmaq olar.

-Uşaqlara gələcəkdə hörmət və empatiya ilə yanaşma vərdişi qazandırmaq üçün valideyn və müəllimlərə hansı praktik tövsiyələr verərdiniz?

– Uşaqlar dediklərimizi yox, gördüklərimizi təkrarlayır. Ona görə valideyn və müəllim ilk növbədə nümunə olmalıdır. Öz emosiyalarını idarə etmək, başqalarına hörmət göstərmək və münaqişələri sülh yolu ilə həll etmək uşağa ən güclü mesajdır. İkincisi, uşağa hisslərini ifadə etməyi və başqalarının hisslərini anlamağı öyrətmək lazımdır. Məsələn, uşaq qəzəblənəndə “Sənin indi əsəbiləndiyini görürəm, amma bunu sakit şəkildə ifadə edə bilərsən” demək həm empatiya, həm də özünü idarəetmə bacarığını inkişaf etdirir.Üçüncüsü, müsbət gücləndirmə çox təsirlidir. Uşaq paylaşanda, kömək edəndə və ya yumşaq davranış nümayiş etdirəndə bunu qeyd etmək və təşviq etmək həmin davranışın möhkəmlənməsinə səbəb olur. Dördüncü tövsiyə isə sosial və yaradıcı fəaliyyətlərdir – teatr, rol oyunları, sosial layihələr uşaqlara başqalarının mövqeyini anlamağı, empatiya və emosional bacarıqlarını inkişaf etdirməyi öyrədir.

Yaqut Ağaşahqızı, “İki sahil”