Niyazi Bahadır oğlu Vahidov. Bu ad və soyad nəinki bir ailənin, bir kəndin, bir rayonun şərəfini yüksəldir, eyni zamanda, xalqımızın başını ucaldır. O, cəmi otuz bir il yaşadı, amma döyüş yollarında iz qoyub getdi. Vətənin azadlıq mübarizəsində şəhidlik zirvəsinə yüksəldi. Bizlər min il bundan əvvəl də şəhidlər barədə “öldü” deməmişik, indi də demirik. Onlar da diridir, “şəhidlər ölməz, Vətən bölünməz” deyirik. “Torpaq, uğrunda ölən varsa, Vətəndir” demişik. Odur ki, Niyazinin də müqəddəs ruhu yaşayır, yenə də aramızdadır, həmişə də bizimlə birgə olacaq. O, bizim qeyrət və cəsarət rəmzimiz kimi ada layiqdir.
Niyazi Vahidov 1973-cü ildə Ağsu rayonunun Çiyni kəndində dünyaya göz açmışdı. Orta məktəbdə nümunəvi şagirdlərdən biri idi. Müəllimləri onu çalışqanlığına, biliklərin əsaslarına dərindən yiyələndiyinə və davranışına görə sevirdilər. Bütün kənd camaatı da böyüyün-kiçiyin yerini bildiyi üçün onun xatirini çox istəyirdi. Arzusu mühəndis olmaq, qurmaq, yaratmaq idi. Ona görə də riyazi fənləri öyrənməyə xüsusi fikir verirdi. Orta məktəbi bitirəndən sonra sənədlərini Azərbaycan Politexnik İnstitutuna verdi və bütün imtahanlardan yaxşı qiymətlər alaraq arzusunda olduğu ali məktəbə qəbul edidi. Ancaq ali məktəbi bitirə bilmədi. Başı müsibətlər çəkən ölkəmizin düşüdüyü fəlakətli durum buna imkan vermədi. Çünki Ermənistanın işğalçı qoşunları torpaqlarımızı zəbt edərək irəliləyirdilər. Ərazi itkiləri, şəhər və kəndlərimizin işğalı, faciələr sıralanmışdı. Bir tərəfdən də daxili düşmənlər, xarici ölkələrin tapşırıqlarını yerinə yetirən separatçılar Azərbaycanı parçalamaq planı yeritməyə başlamışdılar. Gənc müstəqil dövlətimizin başı üzərini ölüm təhlükəsi almışdı. Cəmiyyətin bütün sahələrində böhran, xaos və özbaşınalıq hökm sürürdü. Qanunlar işləmir, cinayətkarlıq artırdı. Heç kəsin sabaha inamı qalmamışdı. Gəncədə xarici ölkənin lakeyi olan Surət Hüseynovun başladığı üsyan real təhlükəyə çevrilmişdi. Belə bir zamanda ölkəyə bacarıqlı bir rəhbər lazım idi. Təəssüf ki, dövlətə başçılıq edənlər lazımi tədbirləri görməkdə aciz idilər. Xalq ayağa qalxaraq belə ağır bir missiyanın öhdəsindən gələ biləcək liderini Bakıya gəlməyə çağırırdı.
1993-cü ilin iyununda Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbləri ilə Azərbaycanda ikinci dəfə hakimiyyət başına gələndə hər kəsdə bir inam yarandı. Üçüncü kurs tələbəsi Niyazi Vahidov da Ulu Öndərin çağırışına səs verərək könüllü surətdə ordu sıralarına yollandı. Onu Naxçıvana apardılar. Ermənistanın niyyəti Naxçıvanı da işğal edib öz ərazisinə qatmaq idi. Ona görə də Naxçıvan istiqamətinə böyük hərbi qüvvə cəmləşdirmişdi. Sədərək, Ordubad, Şahbuz istiqamətlərində qanlı döyüş əməliyyatları aparılırdı. Niyazi orada bir çox ağır döyüşlərdə igidliklə vuruşdu. 1994-cü il yanvarın 1-i idi. O gün sanki hava da hansısa bədbəxt hadisənin baş verəcəyini hiss etmişdi. Hava qarlı-şaxtalı olsa da səngərdəkilər bunu o qədər də hiss etmirdilər. Çünki qızğın döyüşlər gedirdi. Erməni quldur dəstələri genişmiqyaslı hücuma keçmişdilər. Döyüşçülərimiz bir addım da geri çəkilmir, şir kimi vuruşurdular. Niyazinin də üzvü olduğu hərbi hissə düşməni bir addım da olsa irəliləməyə imkan vermirdi. Ona görə də erməni quldurları daha da azğınlaşırdılar, daha boyük canlı qüvvə və hərbi texnika ilə hücuma keçirdilər. Belə döyüşlərdən birində Niyazi qəhrəmanlıqla şəhid oldu. Döyüş dostları onun cənazəsini böyük ehtiramla gətirib boya-başa çatdığı Çiyni kəndində torpağa tapşırdılar. Bütün kənd camaatı və kənar yerlərdən axışıb gələnlər dəfn mərasimində iştirak etdilər. Vahidovların ailə faciəsi hamının dərdinə çevrildi. Bacısı Esmira xanım sonralar yana-yana bildirdi ki, Niyazinin sevdiyi qız vardı. Ancaq onunla vidalaşanda nə illah etdiksə onun adını demədi, çox məcbur etsək də son cavabı bu oldu ki, müharibə qələbəmizlə qurtarar, onda deyərəm. Sonralar başa düşdük ki, o qızın adını niyə demədi...
Nəhayət, qətiyyətli Prezidetimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Düşmən qovulub sərhədlərimizdən çıxarıldı. Şəhid oğullarımızın qisası layiqincə alındı. O vaxtdan Niyazi və digər şəhidlərimizin ruhu şad oldu. İgid Niyazinin əziz və müqəddəs xatirəsi hər birimizin və gələcək nəsillərin qəlbində əbədi yaşayacaqdır.
Bu gün Niyazi Vahidov onu şəxsən tanıyan və tanımayanların qəlblərində yaşayır, məzarı məktəbli-gənclərin and yerinə çevrilib. Vətənimiz Niyazi kimi qorxmaz və qeyrətli oğulların çiynində daim var olacaqdır.
Vəli İlyasov, “İki sahil”