ABŞ-ın San Fransisko şəhərində “Akademiya və innovasiya mentorluğu layihələri” (AIM Projects) təşəbbüsünün təqdimatı keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan “İki sahil”ə verilən məlumata görə, təşəbbüsün fəaliyyətə başlaması və veb səhifəsinin təqdimatı məqsədilə “Mind the Bridge” innovasiya mərkəzində görüş keçirilib.
Görüşdə Kaliforniya ştatında, xüsusilə Silisium Vadisində müxtəlif elm ocaqlarında çalışan azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantlar, yüksək texnologiya şirkətlərində çalışan mütəxəssislər, Stanford və Berkli universitetlərində təhsil alan tələbələr iştirak ediblər.
Təşəbbüsün rəhbəri, Niaqara Universitetinin professoru Ayxan Yusifov konsepsiya və məqsədlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və görüləcək işlər barədə danışıb. Ardınca təşəbbüsün icraçı katibi Şəhla Şirinli veb saytı təqdim edib və təklif olunan mentorluq proqramları, indiyədək könüllü olaraq mentor kimi qeydiyyatdan keçmiş 20-yə yaxın şəxs və yaxın 2 ay müddətində təşkil ediləcək seminarlar barədə məlumat verib.
Daha sonra təşəbbüsün həyata keçirilməsinə və görüşün təşkilinə verdikləri dəstək üçün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür ifadə edilib. Baş konsul Vüqar Qurbanov təşəbbüskarlara uğurlar arzulayıb və qonaqları 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Görüşdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qaya Məmmədov təşəbbüsün başlanması münasibətilə təbriklərini çatdırıb, tədbirin əhəmiyyətini qeyd edərək öz fikirlərini bölüşüb.
“AIM Projects” təşəbbüsünün məqsədi ABŞ-də elm və innovasiya sahələrində çalışan azərbaycanlılarla ölkəmizdə fəaliyyət göstərən müvafiq tərəfdaşlar, alimlər, mütəxəssislər və digər maraqlı şəxslərin əlaqələndirilməsi və mentorluq proqramları təklif edən platformanın əlçatan olmasıdır.
“AIM Projects” təşəbbüsü 26-27 iyun 2025-ci il tarixlərində Berkli Universitetində keçirilmiş “Akademiya və İnnovasiya Forumu”nun məntiqi davamı olaraq təsis edilib.