23 sentyabr 2025 16:33
116

NATO Rusiyanın Estoniyada yol verdiyi insidentə reaksiya verməyə hazırdır

NATO Rusiyanın Estoniyanın hava məkanını pozması səbəbindən müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.

"NATO və müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq özlərini müdafiə etmək və bütün istiqamətlərdən təhdidləri çəkindirmək üçün bütün lazımi hərbi və qeyri-hərbi vasitələri tətbiq edəcəklər. Biz lazım bildiyimiz şəkildə cavab verməyə davam edəcəyik. 5-ci maddəyə sadiqliyimiz sarsılmazdır", - sənəddə deyilir.

Bəyanatda qeyd olunur ki, Rusiya bu eskalasiyaya səbəb olan hərəkətlərə görə tam məsuliyyət daşıyır.

Eyni zamanda, alyans Rusiyadan belə addımlara son qoymasını tələb edib.

NATO Nizamnaməsinin 5-ci maddəsi hər hansı ölkə silahlı hücuma məruz qalarsa alyansın cavab tədbirlərini nəzərdə tutur.

Qeyd edək ki, hadisə sentyabrın 19-da baş verib. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus üç qırıcı icazəsiz Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb.

Cavab olaraq Estoniyanın hava məkanının qorunması üzrə NATO missiyasında iştirak edən İtaliyanın F-35 qırıcıları havaya qaldırılıb.

Estoniya hakimiyyəti bunun 2025-ci ildə Rusiyanın onun hava məkanını artıq beşinci pozuntusu olduğunu bəyan edib və NATO üzrə müttəfiqlərlə məsləhətləşmələr istəyib.