26 sentyabr 2025 18:38
86

3-cü Beynəlxalq Statistika Forumu başa çatıb - FOTO

24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclası keçirilib, iclasın yekunlarına dair Kommunike qəbul edilib.

“İki sahil” xəbər verir ki,  Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimaiyyət xadimləri və ekspertlərin qatıldıqları Forumun açılış sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunub.

“Statistik islahatlar və inkişaf perspektivləri”, “Statistikanı dəyişdirən innovasiyalar” və “Beynəlxalq müqayisələr proqramı” mövzularında keçirilən sessiyalarda milli statistika sistemlərinin müasirləşdirilməsi, institusional inkişaf tədbirləri, informasiya mühitində rəsmi statistikanın rolu, süni intellektin tətbiqi, smart-data texnologiyaları, məlumat inteqrasiyası və inklüziv data idarəçiliyi, generativ süni intellektin statistik hesabatların keyfiyyətini artırmaq imkanları, yoxsulluğun ölçülməsi, satınalma qabiliyyəti paritetlərinin hesablanması və onların sosial-iqtisadi təhlillərdə istifadəsi məsələləri diqqət mərkəzində olub.

“Milli Hesablar Sistemi 2025” (MHS-2025), “Əhalinin siyahıyaalınması – 2030 mərhələsi” mövzularında keçirilən sessiyalarda yeni MHS-2025 çərçivəsinin tətbiqi, dəyişikliklərin statistik praktikada əks olunması, rəqəmsal dövrdə siyahıyaalmanın yeni metodları, registr əsaslı sistemlərin üstünlükləri və süni intellektdən istifadənin imkanları ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

“Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə statistika – yolun yarısı” mövzusuna həsr olunmuş sessiyada isə DİM-in monitorinqi sahəsində görülən işlər, alternativ məlumat mənbələrinin bu prosesdə rolu, milli göstəricilərin müəyyənləşdirilməsi, statistik potensialın ölçülməsi və beynəlxalq müqayisələrin aparılması məsələləri ətrafında müzakirələr olub.

Bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam çıxış edərək 3-cü Beynəlxalq Statistika Forumunun mühüm platforma kimi dünya ölkələrinin statistik sistemlərinin modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi, qarşılıqlı fikir və təcrübə mübadiləsi yolu ilə beynəlxalq səviyyədə vahid yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.