Sentyabrın 25-də Vaşinqtonda Türkiyə və ABŞ prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən danışıqlarda digər mövzularla yanaşı, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün birgə addımların atılması məsələsi də gündəmə gətirilib.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə ABŞ-yə səfərinin nəticələri barədə danışarkən deyib.
"Ərdoğan və Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün birgə mümkün addımları müzakirə ediblər. Həmçinin iki ölkənin NATO çərçivəsində əməkdaşlığı müzakirə olunub", - nazir bildirib.
Fidanın sözlərinə görə, Türkiyə lideri bundan başqa, Fələstin məsələsini gündəmə gətirib: "O, bu məsələlərin bizim üçün əhəmiyyətini xüsusilə vurğuladı. Ən önəmlisi Qəzza zolağında dərhal atəşkəsin bərqərar olması, eləcə də İsrailin bölgədəki ekspansionist siyasəti ilə bağlı risklərdir".
Gündəliyə Suriya - ABŞ münasibətləri ilə bağlı məsələlər də daxil edilib. "Bütün ölkələr razıdır ki, Suriya öz ərazi bütövlüyünü və siyasi birliyini qorumalıdır", - Türkiyənin xarici işlər naziri vurğulayıb.